Urmiya gölündə suyun həcmi azalıb

227

Ötən su ilində (23 sentyabr 2019-dan – 1 sentyabr 2020-dək) İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətində Urmiya gölündə suyun həcmi 80 milyon kubmetr azalıb.

Trend-in məlumatına görə, bu barədə İranın Su Ehtiyatlarının İdarə Olunması Şirkətinin araşdırmalar mərkəzinin statistikasında qeyd olunub.

Hesabata görə, ötən su ilində Urmiya gölündə suyun həcmi 3,35 milyard kubmetr olub. Öncəki su ili (23 sentyabr 2018-dən -22 sentyabr 2019-dək) ilə müqayisədə ötən su ilində Urmiya gölündə su səviyyəsi 3 santimetr azalıb. Ötən su ilində göldə su səviyyəsi 1,27 min metr (1271 metr 27 santimetr) olub.

Hesabatda qeyd edilir ki, ötən su ilində Urmiya gölünün ərazisi 2,8 min kilometr (2807 km 79 metr) olub. Bu isə öncəki su ili ilə müqayisədə 2 min metr (2058 metr) azalıb.

Hesabatda əlavə olunur ki, ötən su ilində 317,7 millimetr yağıntı olub. Halbuki, öncəki su ilində bu rəqəm 342 millimetr olub. Bu isə təxminən 7% azalmanın olduğunu göstərir.

Qeyd edək ki, 21 mart 2019-dək İranın Urmiya gölünün bərpasına 35 trilyon rialdan (təxminən 833 milyon dollar) çox vəsait xərclədiyi bildirilir. Ötən ildə (21 mart 2019-dan -20 mart 2020-dək) bu gölün bərpasına 7,24 trilyon rial (təxminən 172 milyon dollar) vəsait ayrılıb.

Beynəlxalq statistikaya əsasən, 2015-ci ilədək Urmiya gölünün təxminən 80%-i quruyub. Urmiya gölünün 2015-ci ildən başlayaraq 10 il müddətinə öz əvvəlki su tarazlığına çatdırılması ilə əlaqədar proqram icra olunur.