Cənub Qaz Dəhlizinin kommersiya istismarı 2020-ci ilin sonunadək başlayacaq

245

İtaliya və bütün Avropa üçün strateji infrastruktur olan Cənub Qaz Dəhlizinin kommersiya istismarı 2020-ci ilin sonunadək başlayacaq.

Trend-in məlumatına görə, bunu Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin icraçı direktoru Luka Skyeppati deyib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın tikintisi sona yaxınlaşır:

“Avropa İttifaqı ərazisində dekarbonizasiya səylərinə baxmayaraq Şərqi Avropada hələ də kömürün istifadəsinə davam edirlər. TAP-ın istismara verilməsi Yunanıstan, Bolqarıstan və digər Balkan ölkələrində vəziyyəti dəyişə bilər. TAP-la daxil olan və qiyməti neftə bağlı olmayan qaz həcmləri qazın qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər”.

L.Skyeppati əlavə edib ki, Ermənistanla Azərbaycan arasında artan gərginlik Azərbaycan qazının Qərbi Avropaya nəqli üçün bilavasitə təhlükə yaratmır.