“ExxonMobil” ixtisarlara hazırlaşır

264

ABŞ-ın “ExxonMobil Corporation” neft-qaz şirkəti yeni növ koronavirusun səbəb olduğu pandemiya nəticəsində enerji daşıyıcılarına tələbatının azalması səbəbilə işçilərini ixtisar etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin əlinə şirkət rəhbərliyinin bəzi işçilərini ixtisar etmək məcburiyyətində qalması ilə bağlı korporativ məktubu keçib.

“ExxonMobil”in rəhbəri Darren Vudsdan sitat gətirən agentlik onun əməkdaşlara “Çətin günləri yaşayırıq. Sərt tədbirlərə müraciət etmək məcburiyyətindəyik, bunların bəziləri dostlarımızın və həmkarlarımızın şirkətdən ayrılmasına səbəb ola bilər” yazdığını vurğulayıb. Amma neçə işçinin ixtisar olunacağına dair bilgi olmayıb.

Sentyabrın əvvəlində Britaniyanın “Financial Times” qəzeti “ExxonMobil”in gələn ilin sonuna qədər Avropadakı 1,6 min iş yerini ixtisar edəcəyini yazmışdı. Bu, şirkətin Avropa ölkələrində işləyən işçilərinin onda bir hissəsidir. Şirkət iyul ayının sonunda pandemiya nəticəsində enerji daşıyıcılarının qiymətlərinin azalması səbəbindən bu ilin ikinci rübündə təxminən 1,1 milyard ABŞ dollar dəyərində itki ilə üzləşdiyini bildirmişdi.