Külək enerjisi ilə çalışan ən böyük gəmi İsveçdə inşa ediləcək

321

İsveç gəmiqayırma şirkəti “Wallenius Marine” hökumətin və bir neçə tədqiqat institutunun dəstəyi ilə külək enerjisi ilə çalışan dünyanın ən boyük gəmisinin layihəsini hazırlayıb.

“Seanews.az” xəbər verir ki, “Oceanbird” adlı transatlantik gəmisinin uzunluğu 200 metrə bərabərdir və 7000 ədəd minik avtomobili daşımaq qabiliyyətinə malikdir.

Gəminin konstruksiyasında diqqətçəkən məqam onun üzərində quraşdırılmış, uzunluğu 80 metr olan 5 ədəd teleskopik “yelkən-qanad”lardır. Bu “qanadlar” bir-birinə toxunmadan 360 dərəcə fırlanmaq qabiliyyətinə malikdirlər. Bu xüsusiyyətlə yanaşı teleskopik yelkənlər  körpü altından keçəndə qatlana bilir və əlverişsiz hava şəraitinə qarşı dözümlüdürlər.

Sözügedən “qanadlar” poladdan və kompozit materialdan hazırlanacaq.