SOCAR-ın qazma şirkəti ixrac gəlirlərini kəskin artırıb

251

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas pay sahibi olduğu “Caspian Drilling Company” qazma şirkəti ixrac gəlirlərini 107 dəfə artırıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında deyilir.

Məlumata görə, bu ilin yanvar-oktyabr aylarında “Caspian Drilling Company” 427 min ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 423 min ABŞ dolları çoxdur.

Xatırladaq ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində “Caspian Drilling Company” cəmi min ABŞ dolları dəyərində xidmət ixrac edib.

Qeyd edək ki, “Caspian Drilling Company” şirkəti Pay Bölgüsü müqaviləsinin imzalanmasından sonra, Xəzər dənizində ilk müştərək müəssisə kimi regionda qazma əməliyyatlarını həyata keçirmək məqsədilə 1996-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (55 %) ABŞ-ın “SantaFe/GlobalSantaFe/Transocean” şirkəti (45 %) ilə birgə yaradıb. “SantaFe İnc.” şirkətinə məxsus olan 45 % “Caspian Drilling Company” şırkəti tərəfindən 30 iyun 2009-cu il tarixində alınıb və hazırda SOCAR-ın payı 92,44 % təşkil edir.

Şirkət yerli statusa malik olmaqla beynəlxalq standartlara uyğun fəaliyyət göstərir və əsas fəaliyyət növü seysmik kəşfiyyatın verdiyi proqnozları qazımanın nəticəsi ilə təsdiqləməkdən və sualtı masalardan istismar quyularının qazılmasından ibarətdir. Şirkət Xəzərin Azərbaycan sektorunda mövcud 16 Pay Bölgüsü müqavilələrinin kəşfiyyat qazıması üzrə əsas icraçısıdır və görülən işlərin nəticəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları kəşf edilib. Şirkətin fəaliyyət dövründə “İstiqlal” və “Dədə Qorqud” üzən qazıma qurğularından “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu”, “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Naxçıvan”, “Abşeron”, “İnam”, “Kürdaşı” və “Araz”, “Dəniz” strukturlarında, ümumiyyətlə 14 geoloji strukturda 100 dərin kəşfiyyat quyuları, Şərqi, “Qərbi və Mərkəzi “Azəri”də predrillinq üsulu ilə sualtı masalardan 114 yüksək inhiarlı, əyri və horizontal quyular qazılıb.