Azərbaycan FTPP çərçivəsində həyata keçiriləcək balıqçılıq üzrə layihəni təsdiqləyib

258

Azərbaycan FAO-Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə dayanıqlı balıqçılıq və dəniz məhsullarının yetişdirməsi və məhsuldarlığın artırılması (FISHCap) layihəsinə qatılıb.

FAO-dan “APA-Economics”ə verilən məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, müvafiq olaraq FAO və Azərbaycan hökuməti adından layihə sənədini imzalayıblar.

Türkiyə hökuməti tərəfindən maliyyələşdirilən və 1 mln. ABŞ dollar büdcəsi olan FISHCap layihəsi 2022-ci ilədək Orta Asiya, Azərbaycan və Türkiyədə balıqçılıq və dəniz məhsullarının və təbii ehtiyatların dayanıqlı istifadəsi, idarə olunması və qorunması üçün imkanları artırmağı hədəfləyir. Azərbaycandan əlavə, FISHCap layihəsində digər iştirakçı ölkələr Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandır. FISHCap layihəsi tərəfdaş hökumətlərə institusional potensialın gücləndirilməsinə, milli dəniz və su məhsulları istehsalının dayanıqlı inkişafı üçün texniki yardım göstərməklə kənd təsərrüfatının inkişafına, qida təhlükəsizliyinə, iş yerlərinin yaradılmasına, yoxsulluğun azaldılmasına və əsaslı idarə olunmasına kömək edəcəkdir.

Azərbaycan bu layihənin 2009-cu ildən 2015-ci ilədək 16 ölkəni və FAO-Türkiyə Tərəfdaşlıq Proqramını əhatə edən layihənin ilk hissəsində də iştirak edib.