ADDA müəllimlərinin ktabları növbəti beynəlxalq kitab sərgilərində təqdim edilib

292

İspaniyanın Barselona şəhərində 27-29 oktyabr 2020-ci il tarixində Avropanın ən böyük kitab sərgilərindən biri olan “Liber Barcelona” sərgisi keçirilib. Tədbir koronavirus pandemiyası ilə əlaqədar ilk dəfədir ki, Liber Digital rəqəmsal platforması üzərindən onlayn formatda baş tutub.

Sərgidə təqdim edilən nəşrlər arasında Rusiya Təbiətşünaslıq Akademiyasının kataloquna daxil olan Azərbaycan Dövlət Dəniz Akademiyasının ”Dəniz naviqasiyası” kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru Rövşən Hümbətəliyevin müəllifi olduğu “Operator-diferensial tənliklər üçün sərhəd və bəzi spectral məsələlərin həlli” və ADDA-nın İnformasiya Resurs Mərkəzinin baş mütəxəssisi, “Tətbiqi mexanika” kafedrasının müəllimi Adil Sadiqovun və Rövşən Hümbətəliyevin həmmüəllifləri sırasında yer aldığı “Alqoritmlər nəzəriyyəsi” kitabları  da olub. 

Qeyd edək ki, Rövşən Hümbətəliyev Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki, Adil Sadiqov isə həmin Akademiyanın professorudur.

Sərgi zamanı Barselona və Madriddəki sərgi platformalarında 30-dan çox konfrans, dəyirmi masa və təqdimatlar keçirilib. İki dildə (İspan və İngilis) baş tutan sərgidə Rusiya Təbiətşünaslıq Akademiyasının virtual stendi Avropanın ən böyük elm və təhsil müəssisələrinin ekspozisiyaları arasında layiqli yer tutub.

Akademiya bu sərgidə elmi və tədris-metodiki ədəbiyyatın, tədris materialları və texnologiyalarının genişləndirilmiş ekspozisiyasını təqdim edib. Ümumrusiya sərgilərində təqdim olunan elmi və tədris ədəbiyyatının izahlı kataloqu, habelə Akademiyanın Nəşriyyat evində nəşr olunan jurnallar xüsusi maraq doğurdu.

ADDA müəllimlərinin eyni nəşrləri 14-18 oktyabr tarixlərində Almaniyanın Frankfurt şəhərində keçirilən “Frankfurter Buchmesse 2020” kitab sərgisində nümayiş olunub.

Bu sərgi də onlayn platforma üzərindən aparılıb. Tədbiri virtual qeydiyyatdan keçmiş 200.000 iştirakçı ziyarət edib. 103 ölkədən 4440 sərgi iştirakçısı materiallarını onlayn platformada təqdim edib. Tədbir çərçibəsində 400.000-dən çox kitab məhsulu təqdim edilib. 17 oktyabr tarixində sərgini 1.500.000 nəfər onlayn olaraq izləyib.

Mənbə:http://adda.edu.az/