SOCAR istiqrazları: fond bazarının drayveri və əmanətlərə ən yaxşı alternativ

283

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaxın vaxtlarda dollar istiqrazlarının daha bir emissiyasını planlaşdırır. Müvafiq müraciət artıq Azərbaycan Mərkəzi Bankında (AMB) baxılsa da, emissiyanın parametrləri hələlik açıqlanmayıb. Bundan əvvəl 2016-cı ildə buraxılan hər istiqrazın nominal dəyəri 1 000 ABŞ dolları, müddəti 5 il, illik gəlirliyi isə 5 faiz təşkil edirdi.

SOCAR istiqrazlarının ölkə fond bazarına müsbət təsiri şəksizdir. Belə ki, ilk günlərdən bu istiqrazlar bazarı canlandıran, yeni investorlar cəlb edən mühüm amil olub bank əmanətləri üçün də güclü alternativə çevrildi.

2015-ci ildə, yəni SOCAR istiqrazlarının buraxılmasından əvvəl Bakı Fond Birjasının ümumi dövriyyəsi 35,6 faiz azalaraq 8,5 milyard manatadək geriləmişdi. O zaman istiqraz bazarının ən böyük oyunçusu olan Azərbaycan İpoteka Fondu ilkin bazarda 45,4 milyon manat, təkrar bazarda isə 1,5 milyard manat həcmində öz qiymətli kağızlarını yerləşdirmişdi.

Bütövlükdə korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği cəmi 25,6 milyon manat, təkrar bazarda isə 263,7 milyon manat olub.

2016-cı ilin əvvəlində 100 milyon ABŞ dollarlıq emissiya ilə bazara daxil olan SOCAR ölkə fornd bazarına xas başlıca problem olan pərakəndə investorlar üçün sadəlik və rahatlıq məsələsini yoluna qoydu.

Tarixdə ilk dəfə ASAN Xidmət mərkəzlərindən istiqraz almaq mümkün olmuşdu. Bunun üçün qaynar xətlər işləyirdi, ASAN əməkdaşları hər məsələdə yardım etməyə hazırdı, bu mühüm hadisə KİV-də də geniş işıqlandırıldı. Təsadüfi deyil ki, bir çoxları məhz o vaxt istiqrazlara sərmayəni özləri üçün kəşf etmişdilər.

Təkrar bazarda da böyük canlanma yaradan SOCAR istiqrazları ilə bir çox ən böyük əqdlər imzalanmışdı. Bütövlükdə həmin istiqrazlar buraxıldıqdan bu yana imzalanmış 2 300-dən artıq əqdlərin həcmi 193 milyon ABŞ dollarından çoxdur. Həmçinin bank depozitlərinə alternativ axtaranlar da bu istiqrazlarla maraqlanmağa başladılar. Həmçinin SOCAR istiqrazları ölkə iqtisadiyyatı üçün xeyli çətin dövrdə buraxıldı. Belə ki, 2015-ci ilin fevral və dekabr aylarında ölkədə manatın devalvasiyası həyata keçirildi, il ərzində 10-dək bank bağlandı, Əmanətlərin Sığortalanması Fondu ətrafında söz-söhbətlər səngimir, bağlanan bankların əmanətçiləri pullarını geri almağa tələsirdilər. Bütövlükdə banklara etimadın xeyli sarsıldığı üçün sanballı alternativə ehtiyac duyulurdu.

Bir qədər sonra SOCAR istiqrazları alan investorlar REPO əməliyyatları keçirərək 15 faiz dərəcəsində qısamüddətli manat kreditləri almaq imkanı da əldə etdilər. Üstəlik istiqraz sahibləri faizdən rüblük kupon ödənişləri də almağa davam edirdilər. Hazırda SOCAR istiqrazları üzərindən REPO əməliyyatlarının ümumi həcmi 36 milyon ABŞ dollarından artıqdır.

“Report”a açığlamasında maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli SOCAR istiqrazları sayəsində daha əvvəl qiymətli kağızlardan uzaq olan minlərlə vətəndaşın fond bazarına gəldiyini qeyd edib. Bu mənada SOCAR kapital bazarlarının inkişafına mühüm töhfə verib. Kapital bazarları da hazırda ölkə iqtisadiyyatını daha dayanıqlı vəziyyətə gətirməkdə kömək olur.

“SOCAR istiqrazları sayəsində daha əvvəl qiymətli kağızlardan uzaq olan minlərlə vətəndaş fond bazarına gəldi”

Cəfər İbrahimli

İqtisadçı-ekspert&Cəfər İbrahimli

Ekspertin sözlərinə görə ilk emissiyadan əvvəl SOCAR daxili bazarın tələbatlarını ətraflı təhlil etmişdi: “İstiqraz emissiyasının parametrləri bazarın ehtiyaclarına uyğundu və bu da onlara yüksək tələbatı təmin etdi”.

Ekspert həmin istiqrazların təkrar bazarda likvidliyi təmin edən mühüm amil olmaqla həm də qiymətli kağızlar buraxmağın nə qədər mənfəətli olduğunu hamıya nümayiş etdiyini də diqqətə çatdırıb:

“SOCAR-dan əvvəl bazarda kiçik həcmdə istiqrazlar emissiyası olub. Yalnız bundan sonra bazarın daha böyük emissiyaları qəbul etmək iqtidarında olduğu hamıya əyan oldu. Yəni bu mənada SOCAR pioner oldu”.

Ekspert bu yaxınlarda 20 milyon ABŞ dolları həcmində faizlik gəlirliyə, 3 il dövriyə müddətinə malik istiqrazlar buraxmış “AzerGold” şirkətini misal çəkib.

Qeyd edək ki, SOCAR istiqrazlarının ilk dəfə 5 faizlik gəlirlik səviyyəsilə buraxıldığı 2016-cı ilin 1 yanvar tarixində xarici valyutada əmanətlərin orta faiz dərəcəsi 8,06 faiz olub. Sonradan həmin göstərici get-gedə azalaraq bu gün 1,71 faizədək geriləsə də, SOCAR istiqrazlarının gəlirlik səviyyəsi yüksək səviyyədə qaldı. Bununla yanaşı, SOCAR investorların kupon ödənişlərini mütləq alacağına zəmanəti verir. Belə ki, SOCAR istiqrazlarının investorları indiyədək 20 milyon ABŞ dolları məbləğində dividend alıblar. Həm də ödənişlərini mütəmadi olaraq hər rüb alırlar.

C.İbrahimlinin sözlərinə görə, hazırda SOCAR istiqrazları ilə təkrar bazarda əməliyyatlar aparmaqla 3-3,5 faizlik gəlir əldə etmək mümkündür. O hesab edirki, yeni emissiyanın gəlirlik səviyyəsi faizdən artıq olmayacaq:

“Hər bir şirkət kimi SOCAR da əsasən bazarın ehtiyaclarını diqqətə alır. Bu gün 3-3,5 faiz gəlir gətirən istiqraz alanlar varsa, daha yüksək faizli kağız buraxıb əlavə xərcə düşməyə nə hacət? Əlbəttə, SOCAR da istiqrazlarının rəqabətli olmasını istəyir. Lakin bazardakı vəziyyət dəyişib, yüksək faizlərə ehtiyac yoxdur. Çünki rəqiblərin istiqrazları da haradasa bu səviyyədə gəlir gətirir”.

Beləliklə, SOCAR istiqrazları ölkə fond bazarına xeyli təsir göstərib. Pərakəndə investorlar fond bazarında qazanc imkanlarını gördülər. Nəticədə evlərdə döşək altında yatıb qalan xeyli pul vəsaitləri hərəkətə gələrək iqtisadiyyatın canlanmasına təkan verdi. Qarşıdan gələn yeni emissiyanın da müsbət təsir göstərəcəyini gözləmək olar.

Azad Həsənli, maliyyə eksperti