Koronavirus başqa ölkələrdə qeyri-neft ixracını “vurdu” – Azərbaycanda artım…

209

Əli Əlirzayev: “Bunun bir səbəbi ötən illərdə aparılan islahatlarla bağlıdır”

Pandemiyanın bir sıra ölkələrdə qeyri-neft ixracına mənfi təsir etdiyi halda, ötən il Azərbaycanda bu sahəyə aid olan bir sıra məhsulların ixrac həcmi artıb.

Belə ki, 2020-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən kartof ixracı 31,7 faiz, meyvə və tərəvəz şirələri 20,1 faiz, bitki yağları 1,7 dəfə, meyvə və tərəvəz konservləri 3,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 16,4 faiz, pambıq lifi 13,2 faiz, polietilen 27,6 faiz, qara metallardan borular 2,0 dəfə artıb.

2020-ci il ərzində Azərbaycanın ümumi ixracı 13,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 1,9 milyard dollar dəyərində olub. Ümumiyyətlə, 2020-ci il ərzində meyvə-tərəvəz ixracı 607,7 milyon, pambıq lifi ixracı 133,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 113,4 milyon, kimya sənayesi məhsullarının ixracı 85,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 52,4 milyon, pambıq ipliyi ixracı 19 milyon, spirtli və spirtsiz içkilərin ixracı 12 milyon, şəkər ixracı 26,9 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 24,7 milyon, çay ixracı 9,5 milyon dollar təşkil edib.

Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda qeyri-neft ixracının artmasının səbəbini ekspertlər necə dəyərləndirirlər?

  • “Qeyri-neft ixracının tərkibinə baxdıqda görürük ki, aqrar məhsulların çəkisi daha böyükdür”

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev qeyri-neft ixracında artımı bir sıra faktorlarla əlaqələndirdi: “Bunun bir səbəbi ötən illərdə aparılan islahatlarla bağlıdır. Məsələ ondadır ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı 2015-ci ildə islahatlara start verildi. Bunun nəticəsində bir sıra sahələrdə istehsal artdı. Yeni sahələr fəaliyyətə başladı. Başqa bir tərəfdən, pandemiya ilə əlaqədar aqrar sahədə fəaliyyətə maraq artıb. Gediş-gəliş çətinləşdiyindən və aqrar sektorda potensialın böyük olması səbəbindən bu sahəyə maraq artıb. Çünki kənd təsərrüfatı elədir ki, o sahədə istehsal olunan məhsullara hər zaman tələbat olur. Xarici ölkələrdən bəzi məhsulların idxalının məhdudlaşması yerli istehsalı stimullaşdırır. Bu zaman əhali daha çox öz potensialından istifadə edir. Sahibkarlar da görürlər ki, kənd təsərrüfatına sərmayə qoymaq daha sərfəlidir. Bu baxımdan qeyri-neft ixracının tərkibinə baxdıqda görürük ki, aqrar məhsulların çəkisi daha böyükdür. Eyni zamanda, subsidiyaların verilməsi, vergilərin azaldılması, müxtəlif dəstək proqramlarının qəbul olunması qeyri-neft sektorunun inkişafına təkan verir. Həmçinin, fermerlərə sürtkü yağlarının, yanacağın güzəştli qiymətlərlə verilməsi istehsala müsbət təsir edir. Prezident İlham Əliyev də kənd təsərrüfatının inkişafını prioritet sahə hesab edir. Ancaq hesab edirəm ki, bütün bunlarla kifayətlənmək olmaz. Biz elə etməliyik ki, qeyri-neft sektorunda inkişaf daha böyük olsun”.

İqtisadçı-alim hesab edir ki, xarici sərmayənin bu sektora cəlb edilməsi ilə bağlı əlavə işlər görülməlidir.

Vidadi ORDAHALLI