İtaliya sahilləri yaxınlığında beş qaçqın itkin düşüb

181

İtaliyanın Lampeduza adası yaxınlığında növbəti dəfə qaçqınlar olan qayıq qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, İtaliya Sərhəd Mühafizə Xidməti helikopterlərin də cəlb olunduğu xilasetmə əməliyyatında 47 nəfəri dənizdən xilas edə bilib. Məlumata görə, qayıqda olan daha beş nəfər itkin düşüb.

Qeyd edilməlidir ki, pandemiya ilə əlaqədar İtaliyaya Aralıq dənizi vasitəsilə miqrant axını zəifləsə də, son həftələrdə bu istiqamətdə yenidən canlanma müşahidə olunur. Təkcə fevralın 18-dən indiyədək Lampeduza adasında 302 miqrant sahilə çıxıb, Pantelleria adasına gələn qaçqınların sayı isə 56 nəfər olub. İlin əvvəlindən indiyədək ümumilikdə 2696 nəfər dəniz yolu ilə İtaliya sahillərinə çıxaraq sığınacaq üçün müraciət edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, fevralın 19-da Liviyanın Tripolis şəhərinə dörd qayıq geri qaytarılıb. İtaliya adaları istiqamətində hərəkət edən qayıqlarda ümumilikdə 341 qaçqın olub. Bu ilin əvvəlindən Liviya Sahil Mühafizə Xidməti təxminən 2500 şəxsi dənizdən xilas edərək Afrika sahillərinə geri qaytara bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır