Dənizçilər veteran həmkarlarını ziyarət ediblər

239

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları 79 yaşını qeyd edən veteran dənizçi Ağamalı Vahidova baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.

Ziyarət zamanı həyatının böyük hissəsini dənizçiliyin inkişafına həsr etmiş Ağamalı Vahidovun xidmətləri xatırlanıb, onun məhsuldar fəaliyyətinin gənc nəslə örnək olduğu bildirilib.

Ağamalı Vahidov həmkarlarının qədirbilənliyinin ona yüksək əhval-ruhiyyə bəxş etdiyini söyləyib və yaşlı dənizçilərin evində ziyarət olunması ənənəsinin xoş olduğunu deyib. Qocaman dənizçi bildirib ki, təqaüdə çıxamağına baxmayaraq özünü yenə də dənizçilər ailəsinin ayrılmaz üzvü hesab edir.

Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin salamlarını və xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

Xatırladaq ki, Ağamalı Vahidov 27 fevral 1942-ci ildə anadan olub. 1976-cı ildən fasiləsiz olaraq 37 il müddətində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi sıralarında çalışıb. O, Dəniz Nəqliyyatı Donanmasının “Bəstəkar Fikrət Əmirov”, “Dədə Qorqud”, “Cabbar Həşimov” kimi müxtəlif gəmilərində bosman kimi faəliyyət göstərib. 2011-ci ildə Yelkənli Qayıqlar İdman Klubunda sahil bosmanı işləyib.  2013-cü ildən əmək fəaliyyətini ASCO-nun İstehsalat Xidmətləri idarəsində davam etdirib.