Dənizçilikdə maraqlı adət və mərasimlər

242

Ta qədimdən dənizçilərin və gəmi inşa edənlərin maraqlı mərasim və adətləri olub. Bu da təəccüblü deyil. Axı qədimdə hər cür havada üzə bilən etibarlı gəmilər, naviqasiya vasitələri və mühərriklər yox idi. Təhlükəli qüvvə ilə qarşılaşan dənizçilər yalnız təsadüflərə bel bağlaya bilərdilər.

Gəminin dor ağacı altına qızıl və ya gümüş sikkə qoyulması təkcə onun inşa tarixinin göstəricisi deyildi. Belə sikkələrin üzgüçülük zamanı şər qüvvələrin qarşısını almağa kömək edəcəyinə inanırdılar.

Sonralar xüsusi lövhələrə üstünlük verildi. Məsələn, Leninqrad hərbi dənizçilik muzeyindəki “Feniks” briqinə məxsus lövhənin tarixi 1809-cu ilə aiddir.

Gəmilərin təntənəli surətdə suya salınması da maraqlı mərasimdir. Bu zaman gəminin bortunda şampan şüşəsi sındırılır. Sözügedən mərasim gəmini “möhkəmləndirmək” anlamına gəlir.

Qədimdə belə hesab edirdilər ki, gəminin suya salınması müqabilində dəniz Allahı Neptuna qurban verilməlidir.  Bu məqsədlə, məsələn, İslandiyada kilin altına adam qoyurdular. Sonra adamı öz qanı ilə gəminin gövdəsini boyayan heyvanla əvəz etdilər.

Qərbi və Şərqi Samoa adalarında gəmini suya saldıqdan sonra köpək balıqlarına qurban vermək üçün bir neçə adamı göyərtədən dənizə atarmışlar.  Romalılar belə mərasimdə əsir alınmış bir neçə dəniz quldurunu qurban verər, yunanlar isə quzu kəsərmişlər.

Orta əsrlərdə İngiltərədə gəmini suya salarkən qızıl fincanda şərab gətirərmişlər. Şərabı içər, fincanı isə dənizə atarmışlar.

Qədim romalılar təzə tikilən gəmini şərabla yuyarmışlar. Sonradan qənaət məqsədilə yalnız bir butulka qırmızı şərab, daha sonra gəminin bortunda sındırılan şampan şüşəsi ilə kifayətlənmişlər. Bəzi ölkələrdə isə bu məqsədlə kokos südü, palıd yağı, hətta xam neft doldurulmuş butulkalardan istifadə edirlərmiş.

Onu da deyək ki, gəmini suya salmaq üçün tərsanədə sürüşkən yollar yağlanır. Qabaqlar bu məqsədlə qoyun piyi işlənirdi.

Fransanın məşhur “Normandiya” laynerini suya salmaq üçün on minlərlə qoyunun piyindən istifadə edildiyi məlumdur. Sonralar yağ əvəzinə parafin-vazelin qarışığından istifadə etmək məsləhət bilindi.

Mənbə:seanews.az