SOCAR-ın STAR zavodu dünyanın ən çox rəqəmsallaşmış şirkətləri sırasındadır

254

Dünyanın ən rəqəmsal neft emalı zavodlarından biri olmağı hədəfləyən STAR NEZ-də hələ inşaat mərhələsində texnoloji avadanlığa 70 mln ABŞ dollarından artıq sərmayə qoyulub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilıb.

Məlumata görə, nəticədə zavod Dünya İqtisadi Forumu (WEF) tərəfindən Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı tətbiq edən müəssisələrin qəbul edildiyi “Global Lighthouse Network”a daxil olub. “Gələcəyin zavodları” liqasına bu il Türkiyədən seçilən yeganə şirkət olan STAR NEZ dünyada bu mükafata layiq görülən ilk neft emalı zavodudur.

“SOCAR Türkiyə”-nin törəmə şirkəti STAR neft emalı zavodu sahib olduğu rəqəmsal texnologiyaların yaratdığı dəyər nəticəsində Dünya İqtisadi Forumunun (WEF) ən qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələri daxil etdiyi “Global Lighthouse Network”una seçilib. “Gələcəyin zavodları”nın yer aldığı “Global Lighthouse Network”una seçilən ilk neft emalı zavodu olan STAR eyni zamanda 2021-ci ildə Türkiyədən bu şəbəkəyə daxil olan yeganə şirkətdir

“Petkimin ardınca STAR NEZ

Sənaye 4.0 texnologiyalarını ən yaxşı tətbiq edən müəssiəslərin qəbul edildiyi “Global Lighthouse Network”da yer almaqdan böyük sevinc duyduqlarını bildirən “SOCAR Türkiyə”-nin baş icraçı direktoru Zaur Qəhramanov demişdir: “2020-ci ildə bu liqaya Türkiyədən seçilən yeganə şirkət “Petkim” olmuşdu. Bir il sonra isə neft emalı-neft kimyası inteqrasiyasını həyata keçirdiyimiz digər bir müəssisəmiz – STAR NEZ də bu xüsusi liqaya daxil oldu. Qrupumuzun tərkibindəki iki şirkətin belə mühüm bir mükafata ardıcıl olaraq layiq görülməsi bizə qürur verir. STAR NEZ-in dünya miqyasında bu mükafatı alan ilk neft emalı zavodu olması müəssisəmizin rəqəmsallaşma sahəsində dünyaya nümunə olacaq səviyyədə bir rəqəmsal mexanizmə malik olduğunu göstərir.”

Dizel və təyyarə yanacağı istehsalını 10 % artırıb

Dünyanın ən rəqəmsal neft emalı zavodlarından biri olmağı hədəfləyən STAR NEZ-in “Gələcəyin zavodları liqası”na doğru atdığı ən mühüm addım hələ zavodun inşaat mərhələsindən qabaqcıl texnologiyalara 70 milyon dollardan artıq sərmayə qoyulması olub. Təmir-sazlama prosesləri də daxil olmaqla, NEZ-dəki aktivlərin performansının idarəçiliyinə rəqəmsal nəzarət edilməsi, müəssisənin rəqəmsal əkizinin yaradılması, kompyuter tədrisi kimi sahələri özündə ehtiva edən və olduqca mühüm əhəmiyyət daşıyan bu sərmayələrlə STAR NEZ-in dizel və təyyarə yanacağı istehsalında illik məhsuldarlığı 10 % artırılıb. NEZ-də yanacaq kimi istifadə olunan təbii qazın istehlakı 2020-ci ildə əvvəlki ilə nisbətən 6 % azaldılıb, karbon emissiyasında 178 000 tonluq azalma, su sərfiyyatında isə ildə 406 000 ton qənaət təmin edilib. Bütün bu nəticələr 2020-ci ildə STAR NEZ-in faiz, amortizasiya və vergidən əvvəlki əməliyyat gəlirinə də 35 mln dollarlıq bir töhfə verib.

Təqdimat mərasimi yenə Davosda keçiriləcək

Dünyada novator rəqəmsal tətbiqlər standartı sahəsində şirkətlər üçün müqayisə meyarı yaradan “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş prosesinə ən yaxşı tətbiq edən şirkətlərin platformasıdır. 2020-ci ilin əvvəlində bu platformaya daxil olmaq üçün müraciət edən STAR NEZ, münsiflər heyətinin araşdırma və dəyərləndirmələri nəticəsində liqaya vəsiqə qazanıb. WEF-in bəyanatında, Türkiyədən təkcə STAR NEZ-in yer aldığı, “Global Lighthouse Network” yeni üzvləri açıqlanıb. Pandemiyaya görə bu il WEF-in Davosdakı iclasları yaz aylarına qədər təxirə salındığı üçün mükafatların təqdimatı da həmin dövrdə keçiriləcək.