Təbriz Əmmayev: “Qarabağda 4500 meqavatlıq günəş və külək enerjisi potensialı var” -MÜSAHİBƏ

367

Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayevin “Report”a müsahibəsini təqdim edirik.

– Azərbaycanda bir çox ölkələr kimi ənənəvi enerji mənbələri ilə yanaşı bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də işlər həyata keçirilir. Hazırda bu sahədə ölkəmizdə vəziyyət necədir?

– Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasəti nəticəsində bu sahənin davamlı inkişafı təmin edilir və ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Təsadüfi deyil ki, Azərbaycan dünya miqyasında öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 % nail ola bilən nadir ölkələrdəndir. Bu gün Azərbaycan özünü elektrik enerjisi ilə təmin etməklə yanaşı, eyni zamanda qonşu ölkələrə də ixrac edir.

Bununla yanaşı, Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti də ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli müvafiq Sərəncamına əsasən ölkəmizin 2030-ci ilədək sosial iqtisadi inkişafına dair milli prioritetləri müəyyən edilib. Bu prioritetlərdən də biri “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Adından da göründüyü kimi, prioritet özlüyündə iki məqsədi – yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının yaradılmasını nəzərdə tutur. Yaşıl enerji məkanı istiqaməti üzrə məqsəd iqtisadiyyatın bütün sahələrində elmi-texniki potensial nəzərə alınmaqla ilkin istehlakda bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır. Bundan əlavə olaraq, enerji səmərəli yaşıl texnologiyaların tətbiqi, elektromobillərdən istifadənin təşviqi də yaşıl enerji məkanının komponentlərindən sayılır.

Yaşıl enerji məkanının yaradılmasına dair strateji baxışı nəzərə alaraq, ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsinin inkişafı məqsədilə müxtəlif istiqamətlər üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Burada nəinki müxtəlif sənaye əhəmiyyətli layihələrin reallaşdırılması, eləcə də müvafiq qanunverici və tənzimləyici çərçivənin müəyyənləşdirilməsi və gücləndirilməsi, sahə üzrə elmi-texniki potensialın artırılması, əlaqədar sənaye sahələrinin inkişafı və s. nəzərdə tutulur. Bu istiqamətdə artıq həyata keçirilmiş işlər də kifayət qədər çoxşaxəlidir. Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələr görülmüş işlərə misal kimi göstərilə bilər.

Təbriz Əmmayev

Təbriz Əmmayev

Son iki ildə bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq münasibətləri qurulmuş, müvafiq Anlaşma Memorandumları imzalanıb. Əməkdaşlıq çərçivəsində, bərpa olunan enerji sahəsində şirkətlər tərəfindən müəyyən təkliflər təqdim olunmuş və qiymətləndirmə nəticəsində Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin külək və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətinin isə günəş elektrik stansiyalarının tikintisi üzrə təklifləri kommersiya cəhətdən ən əlverişli hesab olunmuş və müvafiq İcra Müqavilələri imzalanmışdır.

Ötən ilin 29 dekabr tarixində Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. İmzalanmış müqavilələrin icrası çərçivəsində artıq qısa zamanda külək elektrik stansiyasının tikintisinə başlanması nəzərdə tutulur. Eyni zamanda, “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisi üzrə müqavilələrin imzalanmasına dair danışıqlar tamamlanmaq üzrədir və yaxın gələcəkdə müvafiq müqavilələrin imzalanması gözlənilir.

Adıçəkilən layihələrin həyata keçirilməsi 500 milyonadək ABŞ dolları həcmində qiymətləndirilən xarici sərmayənin ölkəmizdə yaşıl enerji sahəsinə cəlb olunması deməkdir ki, bu da ölkəmizdə formalaşmış biznes mühitinə olan inamın göstəricisidir. Artıq bütün dünya bilir ki, Azərbaycan etibarlı tərəfdaşdır və həm regional, həm də beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öhdəliklərinə məsuliyyətlə yanaşır, bu da ölkəmizin imicini yüksəldir. Bu gün Azərbaycan artıq böyük investorlar üçün daha maraqlı ölkədir.

Hazırda müvafiq sahə üzrə qanunvericilik və tənzimləyici çərçivənin müəyyən edilməsi istiqamətində işlər aparılmaqdadır. Belə ki, sahənin gələcək inkişafının təmini və tənzimlənməsi məqsədilə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb. Eyni zamanda, bərpa olunan enerji hərraclarının təşkili məqsədilə hərrac qaydaları, müsabiqəyə dəvət sənədləri və standart müqavilə formalarının hazırlanması üzrə işlər davam etdirilməkdədir. Paralel olaraq, mərkəzləşdirilməmiş bərpa olunan enerji həllərinin tətbiqi, kiçik bərpa olunan enerji güclərinin təşviqi üzrə normativ çərçivənin müəyyən olunması, dənizdə külək enerjisi potensialının qiymətləndirilməsi və digər istiqamətlər üzrə layihələrin icrası nəzərdə tutulur.

Həmçinin qeyd edək ki, hazırda Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı çərçivəsində “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi həyata keçirilir.

Layihə çərçivəsində, Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisinə dair pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə olaraq, layihədə ölkəmizin ərazisində digər göllərdə texniki mümkünlük nəzərə alınmaqla günəş enerji sistemlərinin qurulması potensialının dəyərləndirilməsi, sənaye həcmli layihənin ilkin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və bərpa olunan enerji növləri üzrə tarif metodologiyasının təhlili istiqamətində işlər aparılmaqdadır. Eyni zamanda, üzən günəş enerjisi sistemi üzrə bilik və bacarıqların təkmilləşdirilməsinə dair təlim və seminarların təşkili də layihənin iş həcminə daxildir.

Adıçəkilən layihələr hazırda reallaşdırılan layihələrdən sadəcə bir neçəsidir.

– 2030-cu il üçün bərpa olunan enerji üzrə qoyuluş gücünün 30 %-ə çatdırılması gözlənilir. Bu real enerji istehsalında təmiz enerjinin payının hansı həcmdə olmasına şərait yaradacaq?

– Dünya üzrə bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücündə payının istehsal olunan elektrik enerjisinə orta nisbətini nəzərə alsaq, deyə bilərik ki, 2030-cu ilədək bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 30 %-ə çatdırılması elektrik enerjisi istehsalında təmiz enerjinin payının hazırda olan səviyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verə bilər. Bu faktor bərpa olunan enerji mənbələrinin strukturundan, günəş, külək, hidroenerji, tullantıların yandırılması və s. kimi texnologiyalardan hansı nisbətdə istifadə edilməsindən, yeni texnologiyaların effektivliyindən və təbii faktorlardan, məsələn, illərin azsulu və ya çoxsulu, günəşli, küləkli olmasından asılı olacaqdır. Texnoloji inkişaf, bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi və eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə dair çağırışlar onu deməyə əsas verir ki, dünyada və Azərbaycanda bərpa olunan enerji mənbələrinin payı enerji balansında istər enerji istehsalı, istərsə də qoyuluş gücü üzrə əhəmiyyətli dərəcədə artmaqda davam edəcəkdir.

– Torpaqlarımızın işğaldan azad edilməsinin ölkəmizdə bərpa olunan enerji sahəsində aparılan fəaliyyətlərə hansı təsiri olacağı gözlənilir?

– Azərbaycan Respublikasının Prezidenti, Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, haqq-ədalət prinsiplərinin bərpası ilə 30 illik münaqişəyə son qoyan parlaq Qələbəmiz həm milli dövlətçilik tariximizdə, həm də iqtisadiyyatımızın inkişafı qarşısında daha bir yeni səhifə açdı.

Çox mühüm məqamdır ki, işğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq işlərində məhz “yaşıl” enerji layihələrinə üstünlük verilir. Bu ərazilərdə “Yaşıl enerji zonası”nın salınmasına dair Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq strateji baxış müəyyən edilib.

Hazırda Qarabağ bölgəsində bərpa olunan enerji mənbələrinin istifadəsini, enerji məhsuldarlığını, ekoloji təmiz texnologiyaları, o cümlədən nəqliyyat və s. məsələləri əhatə edən “yaşıl enerji zonası” konsepsiyasının hazırlanması üzərində işlər aparılır. Bununla yanaşı, işğaldan azad olmuş ərazilərdə yüksək bərpa olunan enerji potensialına malik ərazilərin müəyyən edilməsi istiqamətdə işlər davam edir. İlkin qiymətləndirmələr onu göstərir ki, həmin ərazilərdə təqribən 4 500 meqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Bir kvadrat metr sahəyə düşən günəş radiasiyasına görə Qarabağın cənub düzənlik hissəsində xüsusən Cəbrayıl və Zəngilan rayonları fərqlənir. Laçın və Kəlbəcər rayonları isə külək enerjisi potensialı ilə zəngindir.

Həmçinin, ölkəmizdə daxili su ehtiyatlarının 25 %-inin məhz Qarabağ bölgəsində formalaşdığını nəzərə almaqla qeyd etmək olar ki, Tərtər, Bazarçay, Həkəri çayları və onların qolları əhəmiyyətli hidroenerji potensialına malikdir. Bu potensialdan səmərəli istifadə məqsədilə müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Artıq Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olub.

İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji zonası”nın salınması üzrə qazanılacaq təcrübənin gələcəkdə Respublikamızın digər ərazilərində də tətbiqi mümkündür. Müvafiq layihələrin reallaşması nəinki regionumuzun, eləcə də ölkəmizin enerji və ekoloji təhlükəsizliyinə əlavə töhfə verəcək, eyni zamanda digər ölkələr üçün də nümunə olacaqdır.

– Bərpa olunan enerji sahəsinə özəl investisiyaların artırılması daha hansı sahələrin inkişafına şərait yarada bilər?

– Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı ölkənin elektrik enerjisi ixracı potensialını artıra bilər. Bu məsələdə isə iki variant mümkündür. Birincisi, artıq istehsal və səmərəli qiymət təklifi olduğu halda elektrik enerjisi ixrac edilə bilər və ölkə bərpa olunan enerji mənbələrindən aldığı enerjidən gəlir əldə edə bilər. İkinci istiqamət isə təbii qazla bağlıdır. Belə ki, Azərbaycanda elektrik enerjisi istehsalında təbii qazın payı 92 %-dən çoxdur. Enerji sisteminin qoyuluş gücündə isə ənənəvi enerji mənbələrinin payı təqribi 83 %-dir. Beləliklə, bərpa olunan enerji mənbələri hesabına qənaət edilən qaz daxili bazarda istifadə edilməklə yanaşı, ixrac edilə bilər. Belə ki, qənaət ediləcək təbii qazın ixracı üçün əlverişli infrastruktur və müvafiq bazar mövcuddur. Bu da öz növbəsində ölkənin inkişafını xarakterizə edən əsas parametrin – ümumi daxili məhsulun artımına səbəb olacaqdır.

Qeyd etmək lazımdır ki, bərpa olunan enerji mənbələrinin inkişafı bu sahədə yeni iş yerlərinin açılmasına təkan verə bilər. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına əsasən hazırda dünya üzrə bu sektorda 11 milyondan çox adam iş tapmışdır. Yeni bərpa olunan enerji stansiyalarının açılması, müəyyən infrastruktur və qaydalar yaradıldıqdan sonra günəş panellərindən, günəş kollektorlarından fərdi evlərdə, bağlarda, sosial obyektlərdə istifadənin genişləndirilməsi yüzlərlə mühəndis, texnik və s. kadrlar üçün yeni iş yerlərinin açılmasına səbəb olacaqdır. Bununla əlaqədar ali məktəblərdə, texniki peşə məktəblərində kadr hazırlığının gücləndirilməsinə zərurət formalaşacaq.

Bununla yanaşı, stansiyaların inşası tikinti sahəsinin inkişafına təkan verəcəkdir, xarici ölkələrdən bərpa olunan enerji texnikasının daşınması və yerinə çatdırılması məsələlərinin həllinin isə nəqliyyat sektoruna müsbət təsir göstərməsi ehtimal olunur.