Novruz bayramı münasibətilə Xəzər Dəniz Neft Donanmasının Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

242

ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə  Novruz bayramı ərəfəsində Xəzər Dəniz Neft Donanmasının Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib.

Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Görüşdə bildirilib ki, Vətən müharibəsində əldə olunmuş qələbə Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir.  Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi.

Görüşdə çıxış edən Vətən müharibəsi iştirakçıları qürur hissi ilə şanlı döyüş yollarından danışıblar, öz xatirələrini bölüşüblər. Onlar diqqət və qayğıya görə ASCO sədri Rauf Vəliyevə təşəkkürlərini bildiriblər.

Sonda Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi iştirakçılarına və övladları Vətən uğrunda Şəhidlik zirvəsinə yüksəlmiş dənizçi valideynlərə “Təşəkkürnamə” təqdim olunub, onlara bayram sovqatı verilib.

Qeyd edək ki, ASCO əməkdaşları Novruz bayramı münasibətilə hazırda dənizdə növbədə olan gənc motorçu, Vətən müharibəsi iştirakçısı və qazisi Qabil Sadıqovun Ucar rayonunda yaşayan ailəsini də ziyarət ediblər.