Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının 5-ci iclası keçirilib

265

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının 5-ci iclası keçirilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Videokonfrans formatında keçirilən tədbirdə İqtisadiyyat naziri, Koordinasiya Şurasının sədri Mikayıl Cabbarov, Koordinasiya Şurasının üzvləri – Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Ədliyyə nazirinin müavini Toğrul Musayev, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi Abbas Xəlilov, həmçinin dəvət olunan qismində Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov iştirak ediblər.

Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayıb. Vətən müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Koronavirus pandemiyasının mənfi təsirlərindən danışan Mikayıl Cabbarov dövlət başçısının bu təsirlərin minimallaşdırılması üçün çevik və zəruri qərarlar qəbul etdiyini diqqətə çatdırıb. Bildirilib ki, pandemiyanın iqtisadiyyatın bir çox sahələrinə mənfi təsir göstərməsinə baxmayaraq, tranzit sektorunda stabillik müşahidə olunub. Belə ki, 2020-ci ildə 8,2 mln. ton yük daşınıb və əvvəlki illə müqayisədə cəmi 0,3% azalma qeydə alınıb. Qeyri-neft sektoru üzrə tranzit daşımalarda yüklərin həcmi son 6 ildə 3,5 dəfədən çox artaraq 2020-ci ildə 3,5 mln. ton təşkil edib. Daşımaların 83%-i dəmir yolu, 17%-i isə avtomobillə (TIR) həyata keçirilib. TIR-la tranzit daşımalar son 6 ildə Şərq-Qərb tranzit dəhlizi üzrə ildə orta hesabla 100 min tondan artaraq 2020-ci ildə 600 min tona çatıb. Dəmir yolu ilə daşımalarda ən çox artım Şimal-Qərb marşrutu üzrə müşahidə olunub. Bu dəhlizlə daşımalar son 6 ildə 4 dəfə artıb.

Koordinasiya Şurasının sədri ötən ilin iyununda keçirilmiş Şuranın 4-cü iclasında qəbul edilmiş qərarların icrası ilə bağlı işlərin üzvlər tərəfindən aidiyyəti üzrə sürətləndirilməsinin zəruriliyini vurğulayıb.

İclasda tranzit yükdaşımalar istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə məlumat verilib, bu sahədə mövcud vəziyyət və səmərəliliyin artırılması, tarif və prosedurların təkmilləşdirilməsi, Şimal-Cənub və Şərq-Qərb tranzit dəhlizləri çərçivəsində Azərbaycanın rolunun gücləndirilməsi, gömrük anbarları sisteminin yaradılması və s. məsələlər müzakirə olunub, Birləşmiş Tranzit Operatorunun direktoru vəzifəsinə Tamerlan Vahabovun təyin edilməsi, Koordinasiya Şurasının Katibliyinin işinin təşkili və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.