Şəhid Məmmədağa Səfərovun adı Türkiyədə əbədiləşdirilib – VİDEO

327

44 günlük Vətən müharibəsində şəhid olmuş Məmmədağa Səfərovun xatirəsi təhsil aldığı Türkiyənin Balıkesir Universitetində əbədiləşdirilib. Ölkəmizin Türkiyədəki səfirliyinin təşəbbüsü və Universitet rəhbərinin dəstəyi ilə ali təhsil müəssisəsinin konfrans zalına Şəhid Məmmədağa Səfərovun adı verilib.

Aprelin 7-də keçirilən konfrans zalının açılışında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Balikesir Universitetinin rektoru, professor İlter Kuş, şəhidin atası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Donanmanın texniki istismar departamentinin rəisi Balakişi Səfərov və anası Rəna Səfərova iştirak edib.

Rektor İlter Kuş bildirib ki, Məmmədağa Səfərovun  əziz xatirəsi Universitetin professor-müəllim heyətinin ürəyində daim yaşayacaq və gələcək tələbələrin təlim-tərbiyəsində onun qəhrəmanlığı nümunə kimi xatırlanacaq.

Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Xəzər İbrahim də Şəhid Məmmədağa Səfərovun şücaəti haqqında danışaraq qeyd edib ki, o, hər zaman böyük fəxr və qürurla yad ediləcək. Eyni zamanda səfir bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan hər an qardaş Türkiyənin dəstəyini hiss edib. Hətta Türkiyə müharibədən sonrakı dövrlərdə də həm şəhid olanların xatirələrinin əbədiləşdirilməsi, həm də yaralı qazilərimizin müalicəsinə dəstək göstərib.

Şəhidin anası Rəna Səfərova və atası Balakişi Səfərov böyük qürurla övladlarının qəhrəmanlığından danışıblar. Valideynlər Məmmədağa Səfərovun xatirəsinin əbədiləşdirilməsində əziyyəti olan hər kəsə təşəkkürlərini bildirib və 5 il oxuduğu təhsil müəssisəsində övladlarının adını daşıyacaq konfrans zalının olmasının ailələri üçün böyük təskinlik olduğunu bildiriblər. 

Videonu bu linkə daxil olmaqla izləyə bilərsiniz:https://www.facebook.com/watch/live/?v=2902683860014548&ref=watch_permalink