SOCAR “Ümid” yatağında hasilatı artırmaq niyyətindədir

289

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından 1,09 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 28,2% çoxdur.

Bu barədə “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə yataqdan 171 min ton qaz-kondensatı hasil edilib ki, bu da illik ifadədə 22,1% artım deməkdir.

“2021-ci ildə bu göstəricilərin artması gözlənilir”, – İ. Əhmədov bildirib.

Qeyd edək ki, 2019-cu ildə “Ümid” yatağından 850 mln. kubmetrdən artıq qaz və 140 min tona yaxın kondensat hasil edilib.

Xatırladaq ki, “Ümid” yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.

Qeyd edək ki, 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.