“Ever Given” gəmisinin heyəti maliyyə çəkişmələrinin girovu olmamalıdır”

247

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (NİBF) nümayəndələri martın sonunda Süveyş kanalında saya oturaraq yolu bağlayan “Ever Given” gəmisinin heyəti ilə görüşüblər.

“Seanews.az” bununla bağlı xarici KİV-lərə istinadən xəbər verir.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasından bildirilib ki, gəmi heyəti üzvəri özlərini yaxşı hiss edir və yüksək əhval-ruhiyədədirlər: “Onlar tərəflər arasındakı mübahisənin tezliklə həll olunmasını və evlərinə qayıtmalarını gözləyirlər. Müqavilə şərtlərinə uyğun olaraq heyətin mart ayı üçün əmək haqqı da tam olaraq ödənilib. Gəmidə kifayət qədər ərzaq ehtiyatı və internetə çıxış mövcuddur”.

“Ever Given” gəmisinin heyətinin hüquqlarını Hindistan Milli Dənizçilər İttifaqının nümayəndəsi qoruyur. İttifaqın təmsilçisi Misir hökumətinə müqaviləyə uyğun olaraq dənizçilərin növbə dəyişikliyinə icazə verilməsi üçün çağırış edib:

“25 nəfərin gəmini tərk etməsinə icazə verilməlidir. Heyət üzvlərinin maliyyə çəkişmələrinə görə girov saxlanılması yolverilməzdir“.

Gəmi heyəti hazırda Süveyş kanalının şimal və cənubu arasında yerləşən Böyük Acı gölündə dayanıb. “Ever Given”i sığortalayan “P&I Club” şirkəti və Süveyş kanalı administrasiyası arasında mübahisə davam etdiyindən heyətin Misiri nə vaxt tərk edəcəyi məlum deyil.

Xatırladaq ki, kanal administrasiyası bu hadisəyə görə 916 milyon ABŞ dolları kompensasiya ödənilməsini tələb edir.