“Ever Given” gəmisinin sığortaçısı apelyasiya şikayəti verib

261

“Ever Given” gəmisinin sığortaçısı qismində çıxış edən Britaniyanın qarşılıqlı sığorta klubu (UK Club) Misir məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Bundan öncə məhkəmə yük gəmisinin həbsi ilə bağlı qərar çıxarıb.  

“Seanews.az” xəbər verir ki, “UK Club”un rəsmisi “Reuters”ə açıqlamasında bunun vacib olduğunu deyib: “Misir məhkəmələri olmadan bu məsələni həll etmək mümkün olmayacaq. Apelyasiya şikayəti bir neçə səbəbdən verilib. Burada gəminin saxlanmasının qeyri-qanuni olması və Süveyş kanalı administrasiyasının maliyyə tələblərinin əsassız olmasını qeyd etmək olar”.

Apelyasiya şikayətinə mayın 4-də baxılacaq.  

Xatırladaq ki, aprelin əvvəlində “Ever Given” gəmisinin sahibi Süveyş kanalı administrasiyası tərəfindən dəymiş ziyana görə 916 milyon ABŞ dolları təzminat tələbi alıb. “Evergreen” şirkətinin açıqlamasına görə, bu məbləğin 300 milyon dolları xilasetmə işləri, 300 milyonu isə kanalın nüfuzuna xələl gətirildiyi üçün istənilir.