Dənizçilik tarixinin ən böyük və ən sirli gəmi qəzası haqda gerçəklər

473

Yaranışının hansı dövründəsə, insan təbiətlə mübarizəyə, onu məğlub etmə cəhdlərinə başlayıb. Bu cəhdlər bəşər tarixinə dəhşətli faciələr yazıb. O dəhşətlərdən biri olan Titanik qəzası ən sirli dəniz qəzası hesab edilir. Bu yazıda Titanik barədə yazılmayanlardan və gizlədilən faktlardan bəhs edəcəyik.

2240 sərnişinə cəmi 22 xilasetmə qayığı

Amma bütün bunlarla yanaşı… Titanik özündə ölümcül səhvləri də əks etdirirdi. Gəminin xarici görünüşünün gözəlliyini korlayar deyə təhlükəsizlik qayıqları az sayda qoyulmuşdu. 2 mindən artıq sərnişinə cəmi 22 xilasedici qayıq nəzərdə tutulmuşdu. Bəlkə də bu ondan irəli gəlirdi ki, “Titanik”də maksimum təhlükəsizlik tədbirləri görülmüş, hər şey nəzərə alınmışdı. Nəhəng gəmini kiçik  bir sükan idarə edirdi,  təbii olaraq bu da bu qədər böyük bir nəhəngin manevr qabiliyyətini məhdudlaşdırırdı.  Bundan başqa, gəmi nədənsə, xəbərdarlıq və kəşfiyyat avadanlıqları ilə zəif təchiz olunmuşdu. Sərnişinlər və gəmi heyəti bu möhtəşəm laynerin qəzaya uğramasının mümkünlüyünə inanmırdılar. Onların buna haqqı var idi. Gəmini təcrübəli dəniz mütəxəssisi- kapitan Edvard Smit idarə edirdi və ona xüsusi kurs keçmiş bacarıqlı ekipaj üzvləri kömək edirdilər. Həm də “Titanik” çox möhkəm və etibarlı düzəldilmişdi. Bəli, sərnişinlərin kiçik üzən şəhəri- “Titanik” müasirlik, rahatlıq və təhlükəsizlik simvolu idi…

Milyoncuların ekspresi

Hələ reysə çıxmazdan əvvəl gəmini “milyonçuların ekspresi” adlandırmışdılar. Həqiqətən də özünün ilk və son səfərində gəminin göyərtəsində xeyli zəngin adamlar-  neft, kömür, dəmiryol və polad kralları toplaşmışdı. Bu adamlar özləri ilə çoxlu qızıl, brilyant və digər daş-qaşlar, həmçinin qiymətli sənət əsərləri aparırdılar. Ömər Xəyyamın “Rübai” manuskripti, Van Qoq, Salvador Dali kimi maşhur rəssamların əl işləri də onların arasında idi. “Titanik”də aparılan yükün dəqiq sənədləşdirilməsi aparılmışdı. Gəminin seyflərində indiki qiymətlərlə 300 milyon dollarlıq daş-qaş var idi.

“Titanik”in sərnişinləri 3 qrupa bölünmüşdü. Birinci sinifə kübar elita nümayəndələri olan zəngin adamlar, ikinci sinifə müəllimlər, həkimlər, zabitlər, və s. daxil idi. 3-cü sinif isə Amerikaya xoşbəxtlik ardınca gedən imkansız sərnişinlərdən ibarət idi. Sərnişinlər arasinda dünyanın ən varlı adamlarından olan 57 milyonçu var idi. Onların içində kapitalı 150 milyon dollardan artıq olan amerikan multi-milyonçusu, 47 yaşlı Con Astor da var idi. Onun 20 “Titanik” almağa imkanı var idi. Həmçinin metallurgiya-mədən sənayesi maqnatı Quqqenheyn, ABŞ-ın tramvay maqnatı Corc Uayd, Nyu-York universal mağazalarının sahibi Straus və başqaları da burada idi.

Təhlükə yaxınlaşır

1912-ci il aprelin 10-u. Dünyanın ən nəhəng okean layneri “Titanik” Sautqemptondan çıxıb transatlantik səfərin son dayanacağı Nyu-Yorka istiqamət götürməkdə, təxminən eyni saatlarda isə, dünyanın ən böyük adası Qrenlandiyanın qərb sahillərindən nəhəng buz dağı-aysberq qoparaq cənuba tərəf hərəkət etməkdəydi…  1912-ci il aprelin 14-ü gecəsi “Titanik” böyük sürətlə Atlantik okeanının şimalını 50 dərəcə şimal en dairəsi üzrə kəsib keçməkdə davam edirdi. Kapitanın bir az qabaqda gedən “Kaliforniya” gəmisinin yaxınlıqda böyük aysberqlərin olması haqda xəbərdarlığına məhəl qoymaması, “Titanik”in möhtəşəm konstruksiyaya və operativ manevr imkanlarına (?) malik olmasından doğan eyforiya vəziyyətinin nəticəsi idi. Həmçinin, gəminin istehsalçısı olan “White Star Line”nin rəhbəri Bruce İsmay, tarixə Titanikin adını yazdırmaq və qısa müddət içərisində Amerikaya çatmaq üçün gəminin ən son sürətdə irəliləməsi barədə kapitan Smitə qəti tapşırıq vermişdi.  Növbətçi qəflətən qarşıdakı nəhəng aysberqi görəndə isə artıq gec idi. Labüd məhvə  50 metrdən çox məsafə və 50  saniyədən az  zaman qalmışdı… Gəminin sürətini saxlamaq və yana döndərmək üçün maksimum səylər göstərilsə də, toqquşmadan qaçmaq mümkün olmadı. “Dəniz Əjdahası” sağ yandan aysberqə çırpıldı və 6 yerdən yarıldı. Bu aprelin 14-ü, axşam saat 23 -də baş verdi. Gəmini xilas etmək üçün fövqəladə cəhdlər edən ekipaj heç nəyə nail ola bilmədi.

Misir fironu “Tutan-hamo”nun mumiyası da gəmidə idi           

Əslində, peşəkar dənizçilər hesab edir ki, “Titanik”in aysberqi gördüyü məsafədən yolunu dəyişmək və aysberqdən yan keçmək şansı olub. Amma  bir az öncə qeyd etdiyim kimi, gəminin sükanı olduqca kiçik olub və bu da “üzən şəhər”in manevr qabiliyyətini məhdudlaşdırıb.

Saat 23 50. Kapitan Smit həyatının və eyni zamanda dünya dənizçilik tarixinin ən ağır və dəhşətli qərarını verməyə məcbur oldu- “Titanik”i tərk etməyə hazırlaşın! Layner “SOS” siqnalı verərək kömək istədi. Ən yaxın gəminin köməyə çatması üçün azı 4 saat vaxt tələb olunurdu. “Titanik”in isə, su üzərində ən çoxu 2 saat ömrü qalmışdı…

İlk növbədə qadınlar və uşaqlar qayıqlara endirildi. Bu zaman 1-ci və 2-ci sinif sərnişinlərə daha çox şərait yaradılırdı. 3-cü sinif sərnişinlərsə Tanrının ümidinə buraxılmışdı. Xilasetmə qayıqları sərnişinlərin yalnız üçdə birini götürə bilərdi. Amma, sonradan məlum oldu ki, qayıqlar xeyli insanı xilas edə bilərmiş, amma, bəzi qayıqlar tutumundan (64 nəfər) az sərnişin (25-28) götürmüşdü. Beləliklə, gəmini son saniyələrinə qədər tərk edə bilməyən aciz insanların fonunda dəhşətli bir mənzərə yaranmışdı. “Əlahəzrət Ölüm” minlərlə insanın gözü qarşısında rəqs edirdi. Bu həddindən artıq dəhşətli bir rəqs idi. Və bu rəqs gəmi orkestrinin çaldığı vida musiqisinin müşayiəti ilə ifa olunurdu. Maraqlı haldır ki, hər kəsə ölüm gətirən Misir fironu “Tutan-hamo”nun mumiyası da gəmidə idi…

(Ardı var) https://www.hurriyyet.az/