SOCAR Qaradağda ekoloji layihələrin icrasını təklif edib – FOTO

273

Mayın 4-də “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (CEPI) üzvlərinin onlayn formatda növbəti görüşü keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə “Equinor” şirkətinin ölkə üzrə meneceri Favad Qureyşi, “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Kazmunayqaz” şirkətinin vitse-prezidenti Kayrat Saktaganov və “Total EP Absheron” şirkətinin rəsmi nümayəndəsi Adil Babayev iştirak ediblər.

Məlumata görə, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, CEPI-nin İcra Komitəsinin sədri Rəfiqə Hüseynzadə görüşü açaraq, Təşəbbüs çərçivəsində indiyədək görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, CEPI-nin əsas fəaliyyət istiqaməti Xəzər regionunda ekoloji tarazlığa təhlükə yaradan fəaliyyətlərin qarşısının alınması, “Sıfır karbon hədəfləri”nin (NetZero) mümkün iqtisadi şərtlərlə dəstəklənməsi, Xəzər bölgəsində aparılan neft və qaz əməliyyatları zamanı ekoloji dayanıqlığın təşviq edilməsidir.

R. Hüseynzadə öz çıxışında Qaradağ rayonunda yerləşən Sərəncə istehsalat ərazisində bir neçə ekoloji layihənin həyata keçirilməsini təklif edib. Sərəncə məntəqəsinin istifadə təyinatı, coğrafi yerləşmə amili, habelə iqlim zonallığı nəzərə alınmaqla buradakı mövcud dizel generatorlarının ekoloji cəhətdən daha təmiz və effektiv olan qaz-turbin generatorları ilə dəyişdirilməsi fikri görüş iştirakçıları tərəfindən ekoloji cəhətdən daha təmiz texnologiyalara keçid baxımından müsbət qarşılanaraq yüksək dəyərləndirilmiş, gələcəkdə layihənin həyata keçməsi imkanlarının daha təfərrüatlı müzakirəsi, qiymətləndirilməsi haqqında qərar qəbul olunub.

Tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində tətbiq olunan yeni texnika və texnologiyalarla tanışlıq, habelə təcrübə mübadiləsinin aparılması məqsədi ilə CEPI-yə üzv şirkətlərin istehsalat ərazilərinə qarşılıqlı səfərlərin təşkil olunması planlaşdırılmayıb. Görüşdə ətraf mühitin qorunması istiqamətində CEPI çərçivəsində təbliğat-təşviqat işlərinin gücləndirilməsi məqsədilə kitab, jurnal, elmi məqalə və s. materialların nəşrinin nəzərdə tutulması, habelə istehsalat ərazilərində ağacəkmə kampaniyalarının keçirilməsi, yaşıllaşdırma işlərinin aparılması haqqında da qərarlar qəbul edilib.

Tədbirin sonunda cari ilin 01-11 noyabr tarixlərində Birləşmiş Krallığın Qlazqo şəhərində keçiriləcək COP26 beynəlxalq konfransında CEPI-yə üzv şirkətlərin nümayəndələrinin iştirakının nəzərdə tutulduğu bildirilib.

Xatırladaq ki, CEPI öz fəaliyyətinə 14 sentyabr 2020-ci il tarixində Bakı şəhərində “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün (Caspian Environmental Protection Initiative – CEPI) yaradılmasına dair SOCAR, “KazMunayGaz”, BP, “Total E&P Absheron B.V.” və “Equinor Absheron AS” şirkətləri arasında Anlaşma Memorandumunun imzalanması ilə başlayıb.

3 / 3