Marian çökəkliyi haqqında bilmədiyiniz faktlar

4098

Sakit okeanın qərb hissəsində dünyanın ikinci ən böyük dənizi olan Filippin dənizindəki Marian çökəkliyi dünyada bu günə kimi məlum olan ən dərin yerdir.

Marian adalarının ən böyüyü olan Quam adasından 340 km cənub şərqdə yerləşən çökəklik aypara şəklində bir çapıqdır. Adından məlum olduğu kimi məhz Marian adalarının yaxınlığında yerləşdiyi üçün belə adlandırılıb. 

Marian çökəkliyinin ən dərin nöqtəsi

Marian çökəkliyinin ən dərin nöqtəsi “Çallencer uçurumu”  (ing. Challenger Deep) adlanır. O, çökəkliyinin cənub-qərb hissəsində, ən son məlumatlara görə, dəniz səviyyəsindən 10,994 metr aşağıda yerləşir. Çökəklikdə ilk ölçmələr buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya tədqiqat gəmisi tərəfindən 1875-ci ildə həyata keçirilmişdir. Dünyanın ən dərin nöqtəsinin adı da elə buradan qaynaqlanır.

Maraqlıdır ki, Sovet elmi-tədqiqat gəmisi “Vityaz“-ın tədqiqatçıları 1957-ci ildə həyata keçirdikləri ölçmələr zamanı ən dərin nöqtəni 11,022 metr olaraq təyin etmişdirlər. Bu rəqəm Sovet elmi ədəbiyyatına daxil olmuş, hətta  bu gün də bir çox rus dilli yeni elmi ədəbiyyatda yalnız bu rəqəmə rast gəlmək olar.

Nəyə görə Marian çökəkliyi bu qədər dərindir?

Marian çökəkliyinin dərinliyi nə qədər mübahisə doğurursa da, onun nə üçün bu qədər dərin olması bir o qədər də maraqlıdır. Bu suala cavab vermək, Marian çökəkliyinə enmək qədər çətindir. Lakin tədqiqatçıların fikrincə çökəklik tektonik plitələrin sürüşməsi səbəbindən bir neçə milyon il əvvəl meydana gəlmişdir.

Marian çökəkliyi haqqında ən maraqlı faktlar

1. Əgər Everest dağı Marian çökəkliyinə atılsaydı, zirvəsi bir neçə kilometr suyun altında qalardı. Dəniz səviyyəsindən 8,848 m yüksəklikdə yerləşən Everest dağı ilə dəniz səviyyəsindən 10,994 m aşağıda yerləşən Marian çökəkliyini müqasiyə etsəniz, özünüz bu faktın doğruluğuna əmin ola bilərsiniz.

2. Yerin iki qütbü hər birimizə məlumdur. Lakin alimlər Marian çökəkliyini yerin dördüncü qütbü adladırırlar. Belə ki, Şimal və Cənub – coğrafi qütblər, Everest və Marian çökəkliyi – geomorfoloji qütblər hesab olunur.

3. Buradakı suyun təzyiqi normal atmosfer təzyiqindən 1100 dəfə yüksəkdir.

4. Görünür, çökəkliyə enmək heç də hündürlüyə qalxmaq qədər asan deyil. Everest zirvəsinə qalxan insanların sayının günü-gündən artmasına baxmayaraq, Marian çökəkliyinə enənləri barmaqla saymaq olar. Bu günə kimi ən dərinə dalış edən insanların sayı cəmi üçdür. Marian çökəkliyinin dibinə ilk eniş 23 yanvar 1960-cı ildə ABŞ-ın hərbi dəniz qüvvələri leytinantı Don Uolş və tədqiqatçı Jak Pikkar tərəfindən həyata keçirilmişdir. Avatar, Titanic və Terminator filmlərinin ilk iki hissəsinin müəllifi rejissor Ceyms Kemeron 26 mart 2012-ci il tarixində, dünya okeanının ən dərin nöqtəsinə çatan üçüncü və bunu təklikdə edən ilk insan oldu. Bura enən ilk iki şəxsdən fərqli olaraq Kemeron Marian  çökəkliyində 3 saat qalmışdır. Rejissorun çəkdiyi kadrlar əsasında “National Geographic Channel” kanalında elmi-sənədli film nümayiş olundu.

5. Marian çökəkliyi dünyanın ən böyük dəniz qoruğudur. Çökəkliyin inanılmaz dərinliklərində belə həyat var. Tədqiqatçılar təxminən 10 santimetr diametrli nəhəng bir amöb kəşf etdilər. Marian çökəkliyində dinozavrlar qədər köhnə yeni növlər müşahidə olunsa da, bəziləri bu günə qədər müəyyən edilməyib. Marian çökəkliyinin dərinliklərində yaşayan canlıların əksəriyyəti bir-biri ilə və ya “ölü yağışdan” bəslənir. Beləliklə, müxtəlif ölü dəniz canlılarının qalıqları Marian çökəkliyinin dərinliyində yaşayan heyvanlara yem olmaq məqsədilə suyun üstündən yavaş-yavaş aşağı enir. Təbiət qoruqlarının statusuna əsasən, qoruğun sərhədlərində balıq ovu və mədənçilik qadağandır.

6. Marian çökəklik kimi tanınsa da, əsl dağlara sahibdir. Alimlər burada hər birinin hündürlüyü 2,5 kilometrdən çox olan 4 dağ zirvəsi kəşf etdilər.