SOCAR rəsmisi: “Mayda müraciət olmadığından Belarusa xam neft göndərməyəcək”

243

May ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusun “Belneftexim” konserninə neft göndərməyəcək.

Bu barədə “Report”a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, buna səbəb bu ay üçün Belarus tərəfindən xam neftin göndərilməsi ilə bağlı müraciətin olmamasıdır.

SOCAR rəsmisi qeyd edib ki, aprel ayında da Belarusa xam neft göndərilməyib: “Bizim Belarusla neft təchizatı ilə bağlı əməkdaşlığımız davam edir. Bununla yanaşı biz beynəlxalq sanksiyaları pozmuruq.”

Bu ilin yanvar-aprel ayları ərzində Belarusun idxal etdiyi 1,575 milyon ABŞ dolları dəyərindəki neftin 131 milyon ABŞ dolları Azərbaycanın payına düşür.

Bütövlükdə “SOCAR Trading” şirkətinin Belarus tərəfilə imzaladığı müqaviləyə görə cari ildə sözügedən ölkəyə 1 milyon tonadək neft ixrac olunacaq. Yanvar – mart ayları ərzində Belarusa dörd partiyaya 360,1 min ton neft tədarük edilib.

Qeyd edək ki, aprelin 14-də SOCAR ilə “Belneftexim” dövlət şirkəti arasında imzalanmış anlaşma memorandumunda Belarusda istehsal edilən neft məhsullarının birgə ixracatı, Azərbaycan neftinin Belarus bazarında birgə satışı, habelə müştərək sərmayə layihələrin icrası nəzərdə tutulur.

Xatırladaq ki, bu günlərdə ABŞ Belarusun 9 dövlət şirkətinə qarşı sanksiyaların tətbiq edib. Bu şirkətlərin arasında SOCAR-ın əməkdaşlıq etdiyi “Belneftexim” neft şirkətinin də adı var.