Bu il Bakı Limanında aşırılımış yüklərin həcmi açıqlanıb

188

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) üzvləri Bakı Limanına səfər ediblər.

Bu barədə “Report” Bakı Beynəlxalq Dəniz Ticarət Limanına istinadən xəbər verir.

Məlumata görə, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olan qonaqlar, iş prosesi ilə yerində tanış olub, Bakı Limanının Baş direktoru Taleh Ziyadovla görüşüblər.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta və Türkmənistandakı sabiq səfiri Riçard Hoqland və elmi dairələrin nümayəndələrindən ibarət olan nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, 2020-ci ildə koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq Bakı Limanı böyük uğurlar əldə edib. Beləki, ötən il limanda ümumi yükaşırmanın həcmi 4,8 milyon tondan çox olubdur ki, bu da 2019-ci ilin müvafiq göstəricisindən 20 % çoxdur.

Bu ilin ilk 3 ayında isə, ümumi yükaşırmanın həcmi 1,4 milyon tondan çox olub və bu da, 2020-ci ilin müvafiq göstəricisinə nisbətdə 17 %-ə yaxın artım deməkdir.

Eyni zamanda qonaqların diqqətinə çatdırılıb ki, Bakı Limanı Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) ilə sıx əməkdaşlıq edir və ötən dövrdə Bakı Limanı “Xəzər Siyasət Mərkəzi”nin təşkilatçılığı, “Blue Dot Network”un təşəbbüsü ilə həyata keçirilən Xəzər regionunda əməkdaşlıq perspektivlərinə həsr olunan vebinarda da uğurlu şəkildə iştirak edib.