DSX son illərdə 12 müasir gəmi alıb

259

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sədri Rauf Vəliyev də iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Mərkəzi Regional Şöbənin yeni binasının açılışı münasibətilə şəxsi heyəti təbrik edib, dənizçi sərhədçilərin bu əlamətdar günü müzəffər Silahlı Qüvvələrimizin Vətən Müharibəsində qazandığı qələbənin sevinci ilə qeyd etdiklərini vurğulayıb.

Azərbaycanın milli sərhəd strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dəniz sərhədlərinin mühafizəsində əsaslı dönüşün yarandığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu fəaliyyətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, 18 fevral 2005-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi ilə Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması üçün daha geniş imkanların yarandığı, son illər ərzində DSX Sahil Mühafizəsinin 12 müasir gəmisinin dəniz kampaniyasına qəbul olunması bildirilib.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Dəniz Agentliyi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi və Xəzər dənizində fəaliyyət göstərən digər dövlət orqanları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə ciddi önəm verilməsi, bu orqanlarla birgə fəaliyyət nəticəsində dənizdə təhlükəsizliyin təmin olunması və xidməti tapşırıqların daha effektiv icrası şəraitinin yaradılması qeyd edilib.

Mərasimdə ASCO-nun 4 əməkdaşı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları 2 mərtəbəli binada yaradılmış şəraitlə tanış olublar.