Nigeriyada qayıq qəzası zamanı ölənlərin sayı 76 nəfərə çatdı

205

Nigeriyanın Kebbi ştatının hakimiyyət orqanları mayın 26-da Niger çayında baş vermiş qayıq qəzası nəticəsində 70 nəfərin öldüyünü təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə ştatın rəsmi nümayəndəsi Əbubakar Dakinqari mətbuat konfransında bildirib.

O, eyni zamanda “Reuters”ə açıqlamasında həlak olanların sayının artdığını əlavə edib. “İndiki saata qədər 76 nəfərin meyiti sudan çıxarılıb, 22 nəfər xilas edilib. İtkinlərin axtarışları davam etdirilir”, – Əbubakar Dakinqari agentliyə bildirib.

Qeyd edək ki, 150 sərnişinin olduğu iri qayıq Tunqan Mayrakumi kəndinin sahilindən Birnin-Kebbi şəhərinin sahilinə doğru üzürmüş. Qayıq yolun yarısında çevrilib.

Faktla bağlı araşdırma aparılır. Hakimiyyət orqanları qəzanın qayığın normadan artıq sərnişinlə yüklənməsi səbəbindən baş verdiyini istisna etmirlər.