Qırmızı dənizdə ekoloji fəlakətə səbəb ola biləcək tankerlə bağlı məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək

224

Təqribən 6 il əvvəl 1,1 milyon barel xam neft yüklənmiş və Yəmənin Hodeyda limanı sahillərində ilişib qalmış “FSO Safer” tankeri Qırmızı dənizin ekosisteminin məhvinə səbəb ola bilər. AZƏRTAC xəbər verir ki, Husi qiyamçıları ilə danışıqların səmərəsiz olmasından sonra bu məsələ BMT Təhlükəsizlik Şurasının iyunun 4-də keçiriləcək iclasının gündəliyinə salınıb.

Qiyamçılarla danışıqlar aparan BMT missiyası korroziyaya uğramış tankerdən dənizə xam neft axacağı təqdirdə region ölkələri üçün böyük ekoloji fəlakətin baş verəcəyi, habelə Hodeyda limanının tamamilə bağlanacağı barədə xəbərdarlıq edib. Belə ki, 45 il əvvəl suya buraxılmış və hazırda xaosun hökm sürdüyü Yəmənə məxsus “FSO Safer”də təmir işlərinə başlanılması üzrə Husilərlə müzakirə də uğursuz nəticələnib.

BMT Baş katibinin sözçüsü Stefani Dujarrik bildirib ki, tankerin təmiri və xam neft yükünün təhlükəsiz şəkildə boşaldılması Qırmızı dəniz regionu ölkələri üçün həyati əhəmiyyətə malikdir. O əlavə edib ki, korroziya ilə yanaşı, “FSO Safer”in anbarında uzun müddət ərzində yığılmış qaz hər an partlaya bilər.