Süveyş kanalına alternativ Azərbaycan marşrutundan istifadə yenidən qlobal miqyasda aktuallaşdı

269

Bu gün tranzit yükdaşımalar dünya iqtisadiyyatında olduqca mühüm sahələrdən birinə çevrilib. Bu mənada, indi qeyd edilən istiqamətdə yeni layihələrin həyata keçirilməsi, yeni marşrutların yaradılması, əvvəl mövcud olanlara alternativlərin formalaşdırılması xüsusi diqqət mərkəzində yer alır. Belə bir vaxtda Rusiya Xarici İşlər Nazirliyinin xüsusi təyinatlı səfiri, Arktika Şurasının yüksək vəzifəli rəsmisi Nikolay Korçunov “RİA Novosti”yə verdiyi müsahibədə Şimal dəniz yolunun Süveyş kanalından daha yaxşı olduğunu bəyan edib. Diplomatın sözlərinə görə, bu ilin mart ayında Süveyş kanalında iri konteyner gəmisi “Ever Given”lə bağlı baş vermiş hadisə alternativ qlobal nəqliyyat yollarının inkişaf etdirilməsinin, tədarük yollarının şaxələndirilməsinin vacibliyini göstərdi və mövcud dəniz yollarının azlığını ortaya qoydu. Şimal dəniz yolu, bu mənada, Süveyş kanalından keçən nəqliyyat marşrutundan 40 faiz qısadır və bir sıra üstünlüklərə malikdir: “Bu, həm də yanacaq xərclərini azaltmağa imkan verər ki, nəticədə də ətraf mühitə atılan antropogen yük minimuma enər”.

O vurğulayıb ki, son illər Şimal dəniz yolu boyunca daşınan yüklərin həcmində və gəmiçiliyin inkişafında müsbət dinamika müşahidə olunur. Korçunov əlavə edib ki, bu, şimal ərazilərinə, ticarətə və turizmə müsbət təsir göstərəcək, eyni zamanda, yerli əhali də daxil olmaqla, Arktika sakinlərinin yaşayış səviyyəsinin yaxşılaşmasına kömək edəcək. Xatırladaq ki, bu il martın 23-də Panama bayrağı altında Çindən Rotterdama doğru hərəkət edən 400 metr uzunluğundakı “Ever Given” konteyner gəmisi Süveyş kanalının 151-ci kilometrliyində saya oturub. Bir neçə cəhddən sonra gəmini martın 29-da oradan çıxartmaq mümkün olub. Bu əməliyyatda 15-dən artıq yedək gəmisi iştirak edib. Hadisə ilə əlaqədar kanalda ilişib qalan müxtəlif ölkələrə məxsus 422 gəmidən sonuncusu yalnız 3 aprel tarixində Süveyşi keçərək yoluna davam edə bilib. İndi Rusiyanın Uzaq Şərq və Arktikanın İnkişafı Nazirliyinin rəhbəri Aleksey Çekunkov da bildirir ki, iri Asiya ölkələri artıq həddən artıq yüklənmiş Süveyş kanalına alternativ kimi Şimal dəniz yolunu nəzərdən keçirir. Baş nazirin müavini Yuri Trutnev isə qeyd edib ki, Rusiya Şimal dəniz yolunun istifadəsinin rahat, təhlükəsiz olması və ətraf mühitə zərərli maddələrin atılmasının azalması üçün əlindən gələni edəcək. Şimal dəniz yolu marşrutunun uzunluğu 5,6 min kilometrdən çoxdur, ona bitişik gəmi yollarının uzunluğu isə təqribən 37 min kilometrdir. Süveyş, Panama kanallarından və ya Ümid Burnu ətrafından keçən nəqliyyat arteriyaları bu dəniz yoluna alternativdir.

Süveyş kanalına ən yaxşı alternativ qismində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çıxış edir. Bundan istifadə edilsə, Cənub-Şərqi Asiya ölkələrində Avropaya və əks istiqamətə yüklər İranın Çabahar və Bəndər Abbas limanları vasitəsilə daşınsa, risqlər ən aşağı həddə enər. Belə ki, Asiyadan yük daşıyan gəmilər kanala deyil, körfəzə daxil olaraq limana yan alır ki, burada da ilişib qalaraq tıxac yaratmaq mümkün deyil. Bundan başqa, yük gəmisinin, necə deyərlər, dünyanı dolaşıb Avropa limanlarına daxil olmasına da ehtiyac yoxdur. Gəmilər İranın adı yuxarıda çəkilən limanlarına daxil olduqdan sonra yüklər vaqonlara yüklənərək Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Azərbaycan və Rusiya ərazisindən tranzit keçərək Qərbi Avropa ölkələrinə çatdırılacaq. Beləliklə də heç bir şirkət tixaca görə təzminat ödəmək məcburiyyətində qalmayacaq.

Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi ilə yüklərin daşınması daha az vaxt aparır. Asiyadan Misirin Süveyş kanalına, oradan Hibraltar və La-Manş keçidlərinə qədər yük gəmilərinin üzməsi 1 ay vaxt aparır. “Şimal-Cənub” dəhlizi vasitəsilə yüklər 15 gün müddətində mənzil başına çatdırılır. Hələlik Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin yalnız Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edib. Rəsmi Tehran bu yolun inşasını tez bir zamanda yekunlaşdırmaq istəyir. Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi  Hindistan, İran, Əfqanıstan, Azərbaycan, Rusiya, Ermənistan, Orta Asiya və Avropa arasında yüklərin daşınması üçün 7200 kilometr uzunluğundakı multimodal gəmi, dəmir yolu və avtomobil yolları şəbəkəsidir. “Şimal-Cənub”  dəhlizindən yük daşımalarının həcmi gələcəkdə 30 milyon tona çatdırıla bilər. Dəhlizdə yüklərin Transxəzər, Şərq və Qərb xətlərilə daşınacağı nəzərdə tutulur. Bunlardan birincisi Rusiya və İran limanları vasitəsilə Xəzər dənizindən keçir. Azərbaycandan keçən Qərb xətti yüklərin İrandan Rusiyaya və əksinə yeni tikilmiş Astara – Astara bağlantısı vasitəsilə dəmir yolu ilə ötürülməsini ehtiva edir. Ekspertlərin fikrincə, dəhlizin üç xətti arasında ən sərfəlisi olan Qərb xəttinə tələbat da vaxt keçdikcə artacaq. Bu dəhlizdən yük daşımalarının həcmi gələcəkdə 30 milyon tona çatdırıla bilər. Dəhlizdə yüklərin “Transxəzər”, Şərq və Qərb xətlərilə daşınması nəzərdə tutulur. Bunlardan birincisi Rusiya və İran limanları vasitəsilə Xəzər dənizindən keçir. Azərbaycan tərəfindən keçən Qərb xətti yüklərin İrandan Rusiyaya və dəmir yolu ilə ötürülməsini ehtiva edir. Ekspertlərin fikrincə, dəhlizin üç xətti arasında ən sərfəlisi olan Qərb xəttinə tələbat da vaxt keçdikcə artacaq.

Ramil QULİYEV