Azərbaycan indiyədək BTQ ilə Türkiyəyə 66 min tondan çox yük göndərib

201

2017-ci ilin oktyabrın 30-dan cari ilin iyunun 1-dək Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə Türkiyəyə 66 326 ton yük ixrac edib.

“APA-Economics”in “Türkiyə Dövlət Dəmir Yolları”nın məlumatlarına istinadən verdiyi məlumat görə, bu, Türkiyənin BTQ üzrə ümumi idxalının 10,8%-ni təşkil edir. BTQ üzrə Türkiyəyə indiyədək ən çox yükü Rusiya (162 748 ton), Qazaxıstan (141 877 ton) və Çin (97 080 ton) göndərib.

BTQ dəmiryol xətti üzrə Azərbaycan Türkiyədən isə 2021-ci ilin iyunun 1-dək 82 149 ton yük idxal edib. Bu, Türkiyənin sözügedən dəmiryolu xətti üzrə ümumi ixracının 20,9%-ni təşkil edir. BTQ üzrə Türkiyənin ən çox ixrac etdiyi ölkələr arasında Azərbaycanda başqa, Qazaxıstan (122 719 ton) və Türkmənistan (91 646 ton) da yer alıb.

Beləliklə, Türkiyənin BTQ xətti üzrə ümumi yükdaşımalarının həcmi indiyədək (2017-ci ilin oktyabrın 30-dan cari ilin iyunun 1-dək) 1 006 097 tona, təkcə bu ilin beş ayında isə 279 345 ton olub. Proqnozlara əsəsən, Türkiyənin bu il BTQ dəmiryol xəttində həyata keçirdiyi daşımaların həcmi 600 min tona çatacaq.

Xatırladaq ki, BTQ 2017-ci il oktyabrın 30-da istifadəyə verilib.