ASCO-da Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

299

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Zəfərlə bitən 44 günlük Vətən müharibəsində canından keçən Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Sonra çıxış edən ASCO sədri Rauf Vəliyev Azərbaycan tarixində mühüm rol oynayan 15 iyun – Milli Qurtuluş günü barədə ətraflı məlumat verib. Bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ölkəmizi böyük bir fəlakətdən xilas etdi, vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısı alındı.

Sədr qeyd edib ki, 1993-cü ilin 15 iyunundan başlayan şərəfli yol bu gün də davam etdirilir. Ölkəmizin hazırkı tərəqqisi, Prezident İlham Əliyevin siyasəti Ulu öndərimizin dəsti-xəttindən qaynaqlanır və  güc alır.

Xalqımıza 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyəti bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

Rauf Vəliyev bildirib ki, çoxminli dənizçi kollektivi, ASCO ailəsi də hər zaman Ulu öndər Heydər Əliyevə və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevə sadiqdir.  Təsadüfi deyil ki,  dəniz nəqliyyatı işçiləri arasında dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyasına üzv olanların sayı gündən-günə artır. Üzvlərin əksəriyyətini gənclər təşkil edir. Bu da onu göstərir ki, ASCO gəncləri bugünün və sabahın partiyasına böyük inam və etimad bəsləyir. Bu inamın və etimadın kökündə isə uğurlu siyasət və idarəçilik dayanır.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev çıxışında Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib.

Şəmsəddin Hacıyev Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bir çox bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini bildirib. Qeyd edib ki, Ulu Öndərin müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın zəfərlərinin bünövrəsində dayanaraq gələcək inkişafın əsasını qoyub.

Sonra Yeni Azərbaycan Partiyası Səbail rayonu “Xəzər dənizçiləri” ərazi ilk təşkilatının hesabat-seçki yığıncağının qərarı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, ASCO-nun veteran əməkdaşı İzafət Məmmədov öz müraciətinə uyğun olaraq Yeni Azərbaycan Partiyası Səbail rayon «Xəzər Dənizçiləri» ərazi ilk təşkilatının idarə heyətinin sədri vəzifəsindən azad edilib. Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi, Vətən müharibəsi iştirakçısı Rəşad Hüseynov  yekdilliklə yeganə namizəd olaraq YAP Səbail rayonu üzrə “Xəzər dənizçiləri” ilk ərazi təşkilatı İdarə Heyətinin sədri seçilib.

Sonda çıxış edən İzafət Məmmədov “Xəzər dənizçiləri” ərazi ilk təşkilatının gördüyü mühüm işlərdən, qazanılan uğurlardan söz açıb. O, təşkilatın İdarə Heyətinin yeni sədri Rəşad Hüseynova uğurlar arzulayıb. Rəşad Hüseynov  öz növbəsində ona göstərilən etimada görə təşəkkürünü bildirib.

Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş edilib.

seanews.az