Bir zamanlar Bakı Bulvarının bəzəyi olmuş əfsanəvi “Kodor” yelkənli gəmisi

629

1985-ci ildə televiziya ekranlarında SSRİ istehsalı olan “Kapitan Qrantın axtarışında” filmi nümayiş olundu. Mükəmməl aktyor heyəti, ecazkar musiqisi, effektli dekorasiyaları və heyrətamiz mənzərələri olan bu film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdı. Filmdə istifadə edilmiş “Dunkan” yaxtası (əsl adı “Kodor”) Bakı Yaxt Klubuna məxsus idi.

Gəmi Finlandiyanın SSRİ-yə olan borcunu ödəmək üçün Dəniz Qüvvələrinin sifarişi ilə 1946-cı ildə inşa edilmişdi.

Balıqçı gəmisi olan “Kodor” 1950-ci ildən təlim gəmisi kimi istismar edilir və Leninqrad Hərbi Dənizçilik Məktəbinin kursantları ilə birlikdə Atlantik okeanına üzür.

1983-cü ildə “Kodor” Bakıya hədiyyə edilir. Bu hadisə həmin dövrdə bakılıların, xüsusilə də dənizçilərin böyük sevincinə səbəb olmuşdu.

Bir il sonra isə gəmi “Kapitan Qrantın axtarışında” filminin çəkilişləri üçün Bakını müvəqqəti tərk edir. Bundan sonra gəmidən “Xəzinələr adası”, “Pirat qızı Arabella”, “Sirr”, “Qırmızı yelkənlər” və s. filmlərdə istifadə edilib.

Sonuncu dəfə 1986-cı ildə “Piliqrim kapitanı” filmində çəkilişlərə cəlb edilən “Kodor” bir daha Bakıdan uzaqlara getmir.

“Kodor”dan bir neçə dəfə  su idmanı festivallarında da istifadə edilir.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən “Kodor” restoran kimi fəaliyyətə başlayır və dəniz məhsullarından ibarət mətbəxi ilə məşhurlaşır.

1999-cu ilin avqustunda göyərtəsində baş verən güclü yanğın səbəbindən “Kodor” gəmisi batır.

Bununla da balıq ovçusu, təlimlərdə iştirak edən və bir neçə filmin qəhrəmanı olan əfsanəvi “Kodor” yelkənli gəmisinin şanlı həyatı başa çatır.  

Yaşlı nəslin nümayəndələri “Kodor” gəmisini bu gün də xatırlayırlar.

seanews.az