Hərbi Dəniz Qüvvələrinin təlimində şərti düşmən tərəfindən zəbt edilən gəmi azad edilib

1168

Xəzər dənizinin Azərbaycana məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə sonuncu döyüş tapşırığı yerinə yetirilib.

APA-nın məlumatına görə, Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinin son tapşırığı şərti düşmən tərəfindən zəbt edilən gəminin azad edilməsi olub.

Təlim zamanı Xüsusi Təyinatlı Taborun Sualtı Hücum Qüvvələri (“Dəniz Pişikləri”) tərəfindən gəmidən və helikopterdən şərti terrorçu qrupa qarşı xüsusi əməliyyat keçirilib.

Əvvəlcədən hazırlanmış plan və qrafiklərə uyğun olaraq müxtəlif mövqelərdən şərti terrorçu qruplara hücum edilib, zəbt olunmuş gəminin geri qaytarılmasına nail olunub.

Döyüş tapşırığı Xüsusi Təyinatlı Taborun şəxsi heyəti tərəfindən uğurla icra edilib.

Qeyd edək ki, bugünkü taktiki təlimlərdə Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Taborunun 80 nəfər şəxsi heyəti iştirak edib.