“Kanal İstanbul” Türkiyənin dünya ticarətinə təsirini artıracaq

219

“Kanal İstanbul” Türkiyənin dünya ticarətinə təsirini artıracaq və ölkəni dünya iqtisadiyyatında lider səviyyəsinə qaldıracaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu söyləyib.

Layihənin təməlinin bu il iyunun 26-da atılacağını xatırladan nazir “Kanal İstanbul”un dünyada və Türkiyədə baş verən texnoloji və iqtisadi inkişaf, dəyişən iqtisadi istiqamətlər, eləcə də ölkənin nəqliyyat layihələri ilə bağlı artan ehtiyaclarından ortaya çıxan zərurət olduğunu bildirib: “1930-cu illərdə İstanbul boğazından keçən gəmi sayı üç min idi. Hazırda təhlükəsiz keçid üçün illik müəyyən edilən rəqəmin 25 min olmasına baxmayaraq, bu rəqəm il ərzində təxminən 43 minədək çıxır. 2050-ci ilə kimi bu rəqəmin 78 minə qədər çıxacağı ehtimal edilir. Bundan başqa, hər il inkişaf edən gəmilərin istər sərnişin, istərsə də yükdaşıma gücü artmaqdadır. İstanbul boğazındaki kəskin dönüşlər, sərt axıntılar və 54 limanda gündə 500 min sərnişin daşıyan şəhərdaxili gəmilər var ki, bu da boğazda gəmi sıxlığı yaradır”.

Layihənin ərsəyə gəlməsində 204 mütəxəssisin fəaliyyət göstərəcəyini bildirən nazir kanalın uzunluğunun 45 kilometr, əsas genişliyinin 275 metr olacağını bildirib.

Adil Karaismailoğlu “Kanal İstanbul”un Türkiyə ilə yanaşı, Türkiyə boğazlarından istifadə edən bütün ölkələr üçün əhəmiyyətli olduğunu vurğulayıb.