Neftin qiyməti bahalaşır, Neft Fondunun gəlirləri azalır – Ekspert bunun səbəblərinə aydınlıq gətirdi

230

Ötən cümə günü Brent markalı neft yenidən 76 dolları keçib. Bu, yanvarın 1-dən dünya bazarında qiymətlərin 49% artımı deməkdir. Buna baxmayaraq, Dövlət Neft Neft Fonduna mənfəət neftindən daxil olmalar artım əvəzinə azalma nümayiş etdirir.

“AzPolitika.info” xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu paradoksun səbəblərinə aydınlıq gətirib.

Ekspert xatırladır ki, Azərbaycan müstəqillik tarixində ilk dəfə 2020-ci ilin mayında OPEC+ çərçivəsində administrativ yolla hasilatı azaltmağa başladı.

“2021-ci ilin yanvarından isə bizə qoyulmuş hasilat kvotası artırılıb. Bu ilin may ayının yekunlarından məlum oldu ki, OPEC+ çərçivəsində Azərbaycana 603 min barel gündəlik neft hasilatı kvotası verilsə də, reallıqda 586 min barel neft hasil edə bilirik. Yəni hər gün verilən imkandan 17 min barel az” – deyə, ekspert qeyd edib.

İ.Şaban Energetika Nazirliyinin məlumatlarına istinad edərək bildirib ki, 2021-ci ilin 5 ayında neft və kondensat hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 918,7 min ton, təqribən 6,8 mln. barel az olub: “Yanvar-mayda isə Azərbaycanın neft ixracı 2020-ci ilin 5 ayı ilə müqayisədə 5,9 mln. barel azalıb. Neft Fonduna mənfəət gətirən əsas aktiv – “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə hasilat 1 mln. ton azalaraq 9,5 mln. ton – 70 mln. barel və ya gündəlik 465,5 min barel təşkil edib. Yalnız SOCAR hasilatını 100 min tona qədər artıra bilib”.

Ekspert xatırladıb ki, Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirin pik dövrü 2011-ci ilə təsadüf edib – 19 milyard 027,5 mln. dollar. Onun sözlərinə görə, bu göstərici 2019-cu ildə 7 milyard 971,3 mln. dollara qədər azalıb, 2020-ci ildə isə cəmi 3. milyard 523 mln. dollar təşkil edib: “2021-ci ilin ilk 5 aylnda isə AÇG layihəsindən Neft Fonduna daxilolmalar 1 milyard 850,2 mln. dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 255,8 mln. dollar və ya 12,1% az mənfəət deməkdir”.

Bu il AÇG-dən qazancımız ötən ilki səviyyədən çox ola bilərmi? İlham Şaban bu suala cavabında bildirib ki, neftin 70 dollardan aşağı olmayan qiymətləri bazarda dominantlıq edərsə, əlbəttə mümkündür: “Ancaq tutaq ki, 4,3 mlrd. dollar qazandıq. Gələn il hasilat artımı gözlənilmir və neft qiymətlərinin də bu ilkindən aşağı olması proqnoz edilir. O zaman yenə 4 mlrd. dollardan az bir mənfəət gözləmək olar. Yəni, Azərbaycan həqiqətən 2020-dən gəlirlər baxımından post neft zamanındadır. Qeyri-neft sektorunun mühərriki cəmiyyətə 5.7 motor kimi təqdim edilsə də onun praktiki dartım qüvvəsi və sürəti hələ ki, çox aşağıdır”.