Dünyanın ən uzun sualtı tunelinin inşasına başlanılıb

200

Baltilk dənizindən keçərək Danimarka ilə Almaniyanı birləşdirən sualtı tunelin tikintisi başlayıb. Tunelə Femarnbelt adı verilib.

“Seanews.az” xəbər verir ki, tunelin tikintisinin planlaşdırılması, həyata keçirilməsi və istismarı “Femern A/S” şirkətinə verilib. Tikinti məqsədilə artıq üzən ekskavatorlar işə cəlb olunub. Tikinti maşınlarının biri 17, digərləri isə 45 metr dərinlikdə qazma işləri apara bilir.

Bir müddət sonra başqa yedək gəmisi, barjlar və köməkçi üzən vasitələr də tikintidə istifadə olunacaq.

Qazılan tunellərdən fərqli olaraq sualtı tunel beton bloklardan yığılan tikinti qurğusu olacaq. Hazır qurğu əvvəlcədən qazılmış xəndəyə yerləşdirəcək. 16 metr dərinliyi və 60 metr eni olan xəndəyə yerləşdirilmiş tunelin ümumi uzunluğu 18 km olacaq.

Tunel 79 hissədən ibarət olacaq. 

Hissələrin istehsalı üçün Danimarkada yeni zavod tikilir. Zavodun ölçüsü 200 futbol meydançası qədərdir. Hesablamalara görə, bu layihənin həyata keçirilməsinə 130 min ton polad və 3 milyon kubmetr beton sərf ediləcək.

Tuneldə 2 elektrik dəmir yolunun və 4 zolaqlı avtomagistralın olması nəzərdə tutulur.

Yeni tikili Danimarkanın Lollann və Almaniyanın Femarn adalarını birləşdirərək Hamburq-Kopenhagen marşrutunun bir hissəsi olacaq. Tunel vasitəsi ilə Femarn boğazını 10 dəqiqəyə keçmək mümkün olacaq. Hazırda bərələr Yutlandiyadan keçməklə 160 km-dən çox məsafə qət edərək bu yolu 1 saata gedirlər.