TAP konsorsiumu 2021-ci il üzrə bazar testinə başlayıb

244

Azərbaycanda hasil edilən təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) konsorsiumu kəmərin genişləndirilməsi ilə bağlı 2021-ci il üzrə bazar testinə başlayıb.

Bu barədə “Report” Konsorsiuma istinadən xəbər verir.

Məlumatda deyilir ki, təbii qaz göndərənlərin marağını ifadə etməsinə və sonrakı bir mərhələdə TAP-da yeni, uzunmüddətli tutuma etibarlı çıxışını təmin etmək üçün yeni bir bazar testinə başlanılıb. Bu da boru kəmərinin gücünün gələcəkdə artırılmasına imkan verəcək.

Bazar testi iki əsas mərhələdə aparılacaq. Bunun birincisi mərhələsi iyulun 12-də başayan məcburi olmayan mərhələ, digəri isə 2022-ci ilin yayından tez olmayaraq başlayacaq məcburi mərhələ olacaq.

TAP-ın İcraçı direktoru Luka Şkieppati (Luca Schieppati) bildirib ki, TAP üzərindən Avropaya qaz nəqlinin başlamasından təxminən 6 ay sonra Avropaya 3 milyard kubmetrdən çox qaz nəql edilib: “Boru kəmərinin illik buraxılış gücü təxminən 10 milyard kubmetr olduğu halda, TAP ilkin gücünü 2 dəfə artıraraq mərhələlərlə genişləndirə bilər. Bu, əlavə qaz ehtiyatlarının, xüsusilə Cənubi Şərqi Avropada daha təmiz enerji qarışığına keçidi dəstəkləyərək Avropa bazarlarına çata biləcəyi deməkdir”.

Bazar testi Yunanıstan, İtaliya və Albaniyanın Milli Tənzimləmə Təşkilatlarının tənzimlədiyi “2021 Bazar Testi” üçün Təlimatda göstərilən qaydalar və prosedurlar çərçivəsində aparılır.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.