TRACECA: Cənubi Qafqazın nəqliyyatındakı dəyişikliklər Aİ-nin Azərbaycana marağını artırıb – MÜSAHİBƏ

185

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramovun “Report”a müsahibəsi:

– Bu günlərdə Avropa İttifaqı qonşuluq və genişlənmə komissarı Oliver Varhelyinin Azərbaycana səfəri oldu və qonağımız Bakıda keçirdiyi mətbuat konfransında regionun nəqliyyat-kommunikasiya məsələlərinə də toxundu. Necə düşünürsünüz, nəqliyyat-kommunikasiya baxımından Avropa ölkələrinin Azərbaycana olan marağında hansı dəyişikliklər nəzərə çarpır?

– Avropa İttifaqı qonşuluq və genişlənmə komissarı Oliver Varhelyinin səfərində əsas mövzu liman məsələsi idi. Çünki görüşlərdə Bakı Ticarət Limanı barədə söhbətlərə də çox yer verildi. Bakı limanı Xəzər hövzəsində ilk “yaşıl liman” statusu olan limanlardandır. Avropa İttifaqının irəli sürdüyü siyasətin bir hissəsi də yaşıl texnologiyaların tətbiqidir. Bakı limanı həmin meyarlara cavab verir.

Hazırda ATƏT-in “yaşıl liman”larla bağlı regional layihəsi var. Artıq bu layihə çərçivəsində birinci baza hazırlanıb. Bu da Xəzər dənizində Türkmənistan, Azərbaycan və Qazaxıstan limanlarını birləşdirən bir platformadır. Bu platforma ilə rəqəmsal texnologiyaların tətbiqi və bu texnologiyalar üzərindən həmin limanların uzlaşdırılması məsələləri təklif edilir. Digər tərəfdən, Avropa Şurasının nəqliyyatla bağlı “TENT-T” platforması və onun şərqə doğru genişləndirilməsi məsələsi var. Azərbaycan da qərblə şərqi birləşdirən bir ərazi olduğu üçün Avropanın bura marağı artır. Hazırda geostrateji və geosiyasi vəziyyət dəyişdiyinə və bölgədəki kommunikasiyalar açıldığına görə proseslərdə Avropanın Azərbaycana olan marağının şahidi oluruq.

 Rüfət Bayramov

Rüfət Bayramov

– Son dövrdə Cənubi Qafqazın nəqliyyat infrastrukturunun dəyişilməsi yönündə yeni imkanlar ortaya çıxıb. TRACECA tərəfindən bölgənin nəqliyyat sistemi kontekstində gedən proseslər hansı formada tədqiq edilir?

– Keçən ayın sonunda TRACECA Hökümətlərarası Komissiyasının Baş katibi Brüsseldə olmuşdu və orda Avropa İttifaqı ilə regionun nəqliyyat məsələləri barədə görüşlər keçirmişdi. İlkin təklif olaraq Avropa İttifaqının TRACECA ilə bərabər bir texniki layihə həyata keçirməsi barədə danışıqlar gedir. Bölgədə üç tərəfli platformanın tətbiqinin təhlili, Zəngəzur dəhlizinin açılmasının hansı faydalarının olacağı, eyni zamanda bölgənin perspektiv və çatışmazlıqları barədə söhbətlər müzakirə mövzusudur. Burda Rusiya, İran, Türkiyə və regional ölkələrin birləşdiyi bir platforma nəzərdə tutulur və ilkin olaraq bu ölkələrin nəqliyyat məsələsi gündəmə gəlir. Bu ölkələr arasında yeni nəqliyyat infrastrukturu qurulandan sonra ticarətin həcmi də artacaq və tədricən digər iqtisadi sferalarda da artımlar baş verəcək.

– TRACECA çərçivəsində yükdaşımalarda yeni rəqəmsal texnologiyaların tətbiqi barədə konsepsiya hazırlanmışdı. Bu istiqamətdə işlər nə yerdədir?

– Konsepsiya hazırlanıb. Bu barədə bir neçə istiqamətdə işimiz gedir. Gündəmdə olan təşəbbüslərdən biri qlobal tranzit sənədidir ki, bunu biz Beynəlxalq Nəqliyyat Diplomasiya Mərkəzi ilə birlikdə işləyirik. Bu işlərə “İDM” şirkəti və Hollandiyanın nüfuzlu konteyner daşımaları şirkətlərindən olan “Maersk” şirkəti də qoşulub. Müəyyən bir platforma yaradılıb ki, hazırda bu platformanın dəyərləndirilməsi prosesi gedir. Bu, blokçeyn texnologiyası üzərində qurulmuş bir platformadır. TRACECA çərçivəsində yükdaşımalarda blokçeyn texnologiyasından istifadə oluna bilər.

– TRACECA ölkələri arasında “Vahid tranzit sazişi”nin imzalanması məsələsi gündəmdə idi…

– Bəli, TRACECA ölkələri arasında “Vahid tranzit sazişi” hazırlayırıq. Bu da elektron bir sənəd olacaq, sərhəddə alınan icazələrlə bağlı məsələləri həll edəcək, və yükdaşıma prosesini daha da səmərəliləşdirəcək. Sazişin tərkib hissəsi olaraq sərhədlərdə elektron növbələrin tətbiq edilməsi məsələsinin də ölkələr tərəfindən qəbul edilməsinə çalışırıq. Xüsusən Azərbaycan-Rusiya, Azərbaycan-İran sərhəddində belə bir sistemin tətbiqi bir sıra məsələlərin həllinə kömək edəcək.

– Sadaladığınız işlərin nə vaxta reallaşması gözlənilir?

– Bu ilin sonuna qədər ölkələrin “Vahid tranzit sazişi” ilə bağlı müqaviləni qəbul etməsini gözləyirik. Bu, hər ölkənin daxili razılaşdırma prosedurlarından asılıdır. Azərbaycan bu prosesi 2-3 aya keçə bilsə, digər ölkədə bu altı aya, bir ilə qədər çəkə bilər. Hökümətlərarası Komissiya ilə imzalanmanın oktyabr ayına yaxın baş tutmasını gözləyirik. Bundan sonra sənədin TRACECA ölkələri tərəfindən qəbul edilməsi qalır ki, bu da bu ilin sonu və ya növbəti ilin ortalarına qədər də çəkə bilər.

– TRACECA çərçivəsində vahid rəqəmsal platformanın tətbiqi hansı yeniliklərə yol aça bilər?

– Əsas prinsip odur ki, yükdaşıma prosesi rəqəmsal platformada keçirilsin, sənədlər azalsın. Çünki dəniz daşımaları, dəmiryolu daşımaları və avtomobil daşımalarının hərəsində bir sənəd istifadə olunur. Müxtəlif ölkələrdə hüquqi bazalar müxtəlifdir. Hazırda bunları bir arada birləşdirən vahid elektron sənədin üzərində çalışmalar gedir. Bundan sonra yükdaşıma prosesinin izlənilməsi də elektron formada rahat bir şəkildə təşkil oluna bilər. Digər müxtəlif sərhəd-keçid prosedurlarında da elektronlaşmanın tətbiqi işləri şəffaflaşdıracaq. Bununla biz daha rəqabət qabiliyyətli olacağıq.

– Bir qədər də işğaldan azad edilən bölgələrimizdə yeni yaradılan nəqliyyat infrastrukturu barədə danışaq.

– İşğaldan azad edilən ərazilərdə yeni dəmiryolu xəttinin çəkilməsi bölgənin nəqliyyat infrastrukturunu təkmilləşdirəcək, Naxçıvanla Azərbaycan arasında yükdaşıma prosesini daha səmərəli edəcək və Naxçıvanın da iqtisadi vəziyyətini yaxşılaşdıracaq. Azərbaycan Naxçıvanın iqtisadi səmərəliliyini təşkil etmək üçün üçüncü ölkələrdən asılı olmayacaq. Həmin infrastrukturun yaradılması zamanı minlərlə əhali işə cəlb olunacaq. Digər tərəfdən, Türkiyə, İran, Rusiya və Yaxın Şərq ölkələri arasında səmərəli nəqliyyat-kommunikasiya şəbəkəsi yaradılacaq ki, bu da Azərbaycanın tranzit potensialını dəfələrlə yüksəldəcək. Ümumilikdə bu kommunikasiyaların açılması Cənubi Qafqaz bölgəsinə yeni bir nəfəs verəcək. Çünki bütün məhdudiyyətlər aradan qaldırılacaq və bölgədə olan ölkələr öz aralarında həm rahat şəkildə ticarət edə, həm də yük daşıya biləcək.