Azərbaycanın magistral kəmərlərlə nəql olunan neft və qazının həcmi açıqlanıb

216

Azərbaycanın yanvar-iyun aylarında magistral kəmərləri ilə nəql edilən neft və qazın həcmi açıqlanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, magistral neft kəmərləri ilə 17 458 100 ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azdır.

Nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 13 072 300 min ton neft ötürülüb. Bu rəqəm illik müqayisədə 10,9 faiz azdır. Dövr ərzində BTC kəməri ilə 1 649 800 ton tranzit nefti də nəql edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz az olub.

Magistral qaz kəmərləri ilə isə 17 070 400 000 kub-metr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artım müşahidə olunub. Qazın nəqlinin 49 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 8 368 500 000 kub-metr qaz ötürülüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz çoxdur.