Xəzər dənizi turizm sarıdan da Azərbaycana böyük pullar qazandıra bilər, lakin…

380

Məlumdur ki, bu yay artıq Azərbaycandan bir sıra ölkələrə uçuşlar və bölgələrimiz arasında gediş-gəliş bərpa edilib. Belə vəziyyət turizm sektoruna da öz təsirini göstərir. Lakin koronavirus pandemiyası səbəbindən turizm məqsədilə xaricə üz tutanların sayı xeyli azalıb. Bu il əhalinin əsasən daxili turizmə yönəldiyi müşahidə olunur. Turizm mütəxəssisləri buna səbəb kimi ölkə xaricinə uçuşların məhdudluğunu və aviabiletlərin baha olmasını göstərir.

Ümumiyyətlə, pandemiya vaxtı, sərhədlərin hələ də tam açılmadığı dövrdə daxili turizm getdikcə daha çox inkişaf edir. Bu fonda Azərbaycanın təbiəti səfalı olan rayonları, eləcə də Xəzər dənizi regionu potensial turizm istiqaməti kimi böyük imkanlara malikdir. Həştərxandakı “Sky Travel” turizm agentliyinin direktoru Alyona Panasenko hesab edir ki, Xəzər regionunun yaxşı turizm meydanına çevrilməsi üçün bütün imkanlar var: “Pandemiya turizm və onun inkişafına müəyyən düzəlişlər edib. Sərhədlər bağlıdır və bu, yeni istiqamətlərin inkişaf etdirilməsi üçün imkandır. Qazaxıstan və Azərbaycan kimi istiqamətlər getdikcə daha çox maraq doğurur. Bu ölkələrdə turizm infrastrukturu yaxşı inkişaf edib. Turistləri cəlb etmək üçün də, sahəni inkişaf etdirmək üçün də xeyli imkanlar var”. Onun fikrincə, hazırda Xəzər regionuna turistlərin cəlb olunması üçün çoxsaylı proqramlar həyata keçirilir və bu region xarici qonaqlar üçün cəlbedicidir. Region ölkələrini bir səyahətdə birləşdirmək olar, bu halda turist mümkün qədər daha çox təəssürat əldə edəcək. Həm də Xəzər regionu müxtəlif mədəniyyətlərlə çox zəngindir. Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi də bildirir ki, Xəzərdə prioritet turizm istiqamətlərindən biri dayvinq, yəni suyadalmadır. Dənizin dibində batmış gəmilər var və bu cür dayvinq xarici turistlər üçün çox cəlbedicidir: “Digər tərəfdən, balıqçılığın bəzi növlərini inkişaf etdirmək olar. Bundan əlavə, yaxt-klublar vasitəsilə yelkənli qayıq turizmi də inkişaf edir. Bir vaxtlar Azərbaycanın yaxt-klubları məşhur olub, hazırda bu istiqamət bərpa olunur. Bunlardan əlavə, “Daş yolu” da qeyd etmək lazımdır. Bu, təbiətin möcüzəsidir, alimlər hələ də onun necə əmələ gəldiyi üzərində baş sındırır. Həmin silsilə Abşeron yarımadasından keçir və bəzi yerlərdə dənizə batır. Bakıya gələn turistlər bununla maraqlanır”. Ekspert bildirib ki, son illər bir səyahət daxilində bir neçə ölkəyə getmək mümkün olan turlar geniş yayılıb. Konkret olaraq bu cür təcrübə Azərbaycan və Gürcüstan arasında mövcuddur: “Bu mənada, əvvəllər Həştərxana da marşrutların olduğunu qeyd etmək lazımdır – dənizlə Həştərxandan Bakıya gələ bilən gəmilər işləyirdi. Onlar burada sərnişinləri götürə, Həştərxana yola sala, sonra isə Volqa ilə Moskvayadək üzə bilirdilər. Hazırda bu marşrut tam həcmi ilə işləmir. Son bir neçə il ərzində biz bu marşrut barədə danışmışıq. Həştərxanda infrastruktur məsələlərinin müzakirə olunduğu forum keçirilib və orada həmin bu köhnə marşrutdan da söhbət açılıb”.

Qazaxıstanın Vətəndaş Alyansının direktoru, “Avrasiya monitorinqi” analitik tədqiqatlar mərkəzinin rəhbəri Alibek Tacibayevin sözlərinə görə, Azərbaycan Xəzər regionunda turizm sənayesinin formalaşmasında inteqrasiya proseslərinin lideridir: “Turizm infrastrukturunun inkişafı məsələsində Qazaxıstan Azərbaycandan nümunə götürməlidir. Azərbaycan elə bir nümunədir ki, ona diqqət yetirilməlidir”. Ekspertin sözlərinə görə, Aktau şəhərinin nümunəsində ümumi inkişafda, o cümlədən turizm sənayesinin inkişafında infrastrukturun inkişafının katalizator rolu oynadığını görmək mümkündür: “Əgər hələ on il əvvəl Aktauya gələrkən biz yerləşməklə, infrastrukturla bağlı problemlərlə rastlaşırdıqsa, hazırda biz şəhərin inkişafı və genişləndirilməsi ilə bağlı hədəfləri görürük. Sahilyanı zona güclü inkişaf edir”. Onun sözlərinə görə, yaddan çıxarmaq olmaz ki, turizm potensialının olması regiona xarici investisiyaların cəlb edilməsi üçün maqnitdir. Belarus Turizm Sənayesi İttifaqının idarə heyətinin sədri Filip Qulı bildirib ki, regionun inkişafı institutunun başa düşülməsinə, investisiya siyasətinin vahid dialoq mexanizminə ümumi yanaşma lazımdır. İnkişafa və investisiya cəlb olunmasına ümumi yanaşmadan beş dövlətin hamısı udacaq: “Xəzər regionunda mövcud olan əsas problem yerli biznesin inkişafı üçün şəraitin yaradılmasına dair vahid sistem şəkildə yanaşmanın olmamasıdır. Bu, infrastruktura güzəştli sərmayə qoyuluşuna da aiddir”. Onun sözlərinə görə, beş bir-birindən fərqli və özünəməxsus xüsusiyyətlərə malik Xəzəryanı dövlət birlikdə güclü potensiala malikdir: “Yaxın iyirmi illik perspektiv üçün bu, dünya səviyyəli, ciddi ziyarət yerlərindən biridir. Xəzər dənizində istirahət edərkən turistin beş fərqli mədəniyyətlə və landşaftla tanış olmaq, beş fərqli dövlətin ab-havasına baş vurmaq imkanı olur. İnfrastruktur ciddi şəkildə çatışmır, lakin onun yaradılması üçün zaman var. Xəzər dünya səviyyəsində hələ qiymətini almayıb, lakin onun perspektivləri çox yüksəkdir”. Ekspert bildirib ki, kreativ təcrübəsi sayəsində Bakı regionda turizmdə flaqman və dominantdır. Lakin 15-20 il sonra meydana gəlməli olan əsas turizm məhsulu haradasa istirahət etməklə beş fərqli ölkəni görmək, sonra isə Xəzərlə kruiz gəmilərində gəzmək imkanıdır. Qulı, həmçinin, daxili turizmin inkişafında pandemiyanın rolunu da qeyd edib. Ekspertin fikrincə, pandemiya olmasaydı, Xəzər regionunun, eləcə də istənilən digər daxili turizm növünün də inkişaf sürəti daha aşağı olardı. Hesab edilir ki, Azərbaycanın Rusiya sərhədindən İran sərhədinədək Xəzər dənizi ilə 825 kilometrlik bir məsafədə əhatələnməsi ölkəmizdə çimərliklərin genişləndirilməsi və turizm təsərrüfatının inkişafı üçün çox böyük potensial imkanlar yaradır. Lakin dünyanın dəniz sahillərində yerləşən ölkələrinin az qala heç birində çimərliklər Azərbaycanın Xəzərsahili çimərlikləri kimi özəlləşdirilməyib, hündürlüyü bir neçə metr olan daş hasarlara alınmayıb. Bu, çimərliklərdən əhalinin istifadə işində çox böyük çətinliklər yaradır.

Ən əsası, belə vəziyyət turizmin də inkişafına ciddi təhdid yaradır. Hesab edilir ki, Xəzərin sahilboyu çimərlik əraziləri dövlətə məxsus olmalı, onlar çimərlik təsərrüfatı üçün uzun müddətə icarəyə verilməlidir. Azərbaycanın hazırda maliyyə imkanlarının artdığı bir dövrdə Xəzərin çimərlikləri dövlət səviyyəsində Avropa standartlarına cavab verən bir şəkildə yenidən qurulmalıdır. Bunun üçün Xəzər dənizinin çimərlik sahələrinin dəqiq qeydiyyatı aparılmalı, birinci növbədə onlardan necə istifadə məsələləri dəqiqləşdirilməlidir. Müasir çimərliklər hər cür iaşə müəssisələrinə, ekoloji cəhətdən ideal təmizliyə, xilasedici, həkim məntəqələri, çimərlik əşya və avadanlıqlarını icarəyə verən mərkəzlərə də malik olmalıdır. Lakin bütün bunlarla bağlı hələ də problem var və bu da Xəzərdə turizmin inkişafını ləngidən əsas faktorlardan biri sayılır.

Ramil QULİYEV

baki-xeber.com