2 il 7 ayadək uzanan səfər

240

1918-ci il mayın 18-də Rusiyanın Petroqrad (Sankt-Peterburq) şəhərindən 800-dən çox uşaq Urala yay düşərgəsinə yola salınır.

Ölkədəki durum çox acınacaqlı idi. Aclıq, səfalət baş alıb gedirdi. Bu səbəbdən valideynləri bir qarın yemək xatirinə övladlarını uzaq səfərə yola salırlar. Amma onlar təsəvvürlərinə belə gətirə bilməzdilər ki, uşaqların 3 aylıq səfəri 2 il 7 ayadək uzanacaq.

Bu müddət ərzində uşaqların yaddaşına əbədi yazılan bir çox hadisələr baş verir. Bunlardan ən əhəmiyyətlisi onların evlərinə qayıdacaqları yol olur. 

Ölkədə başlayan vətəndaş müharibəsi səbəbindən yay düşərgəsinin sakinləri hər dəfə bir yerdə sığınacaq tapırdılar. Vəziyyət getdikcə pisləşirdi. Uşaqlar tam nəzarətsiz qalmışdı. Böyükdən balacaya kimi hər kəs qorxu içində idi.

Bu zaman uşaqların köməyinə Qırmızı Xaç Cəmiyyətinin Amerika bürosu, daha dəqiq desək, bu humanitar təşkilatın Rayli Allen adlı əməkdaşı çatır.  O, valideynlərindən uzaq düşmüş, gözlərindən qorxu-təlaş yağan uşaqlara söz verir ki, nəyin bahasına olursa-olsun onları evlərinə çatdıracaq. 

Uzun danışıqlardan sonra Rayli Allen yay düşərgəsinin sakinlərini evə aparmaq üçün nəqliyyat vasitəsi tapır. Bu, Yaponiya bayrağı altında üzən “Yomey Maru” adlı quru yük gəmisi olur. Qısa zamanda gəmini 800-ə yaxın sərnişini daşımaq üçün təchiz edir, anbarlarında ikimərtəbəli çarpayılar quraşdırırlar.

Beləliklə, artıq 2 ildən çox evlərindən uzaq düşən uşaqları göyərtəsinə götürən “Yomey Maru” quru yük gəmisi lövbərləndiyi limandan 1920-ci il iyulun 13-də yola düşür. 

İndi bu səfəri qeydi-adi edən əsas məqama diqqət yetirək.

Xəritəyə baxsaq, gəmi üçün əlverişli yollardan birinin Şimal dəniz yolu olduğu görünür. Amma kapitan göyərtədəki uşaqlara görə belə çətin marşurutu seçməkdən imtina edir.

Başqa yol da var idi. Gəmi “Qızıl buynuz” buxtasından Çin dənizi-Hind okeanı istiqamətində hərəkət edir. Oradan Süveyş kanalı ilə Aralıq dənizinə daxil olur.

Amma həmin dörvdə yay ayları belə səfərlər üçün çox çətin idi. Qırmızı Xaç Komitəsi həkimlərinin məsləhəti ilə “Yomey Maru”-nun kapitanı Motodzi Kayaxara istiqaməti dəyişməli olur.

Beləliklə, kapitan iki okeanı üzüb keçməyə qərar verir. Bunu üçün o, şərqə doğru hərəkət başlayır.

Uşaqlarla dolu olan gəmini qarşılayan ilk dövlət Yaponiya olur. Xokkaydo adasında yerləşən Muroran limanında gəmini 1 gün qonaq edirlər.

Sonra “Yomey Maru” gəmisi Sakit okeanı fəth edir. 1920-ci il  avqustun 1-də isə ABŞ-ın San-Fransisko şəhərinin eyni adlı limanına daxil olur. Şəhər əhalisi bu qeyri-adi səfərin sərnişinlərini böyük həyəcan və sevgi ilə qarşılayır.

Avqustun 5-də şəhəri tərk edən gəmi ABŞ-ın qərbi ilə Panamaya tərəf üzür.

Avqustun 18-i Panamanın Balboa limanı “Yomey Maru” sərnişinlərini qarşılamağa gəlmiş panamalılarla dolu olur. 

Əhali ilə qısamüddətli görüş başa çatır və gəmi xüsusi şlyüzlar vasitəsi ilə Panama kanalından keçərək Atlantik okeanına daxil olur.

Artıq gəmi ABŞ-ın şərq sahili boyuna şimala doğru hərəkət edir. Qərb yarımkürəsindəki son dayanma məntəqəsi Nyu-York limanı olur. Amma burada çox dayanmır, Şərqə istiqamət götürür. Sakit okeanını üzüb keçməyi bacaran kapitan Motodzi Kayaxara Atlantik okeanını da uğurla adlamağı planlaşdırır. Burada da təcrübəsi və əvəzolunmaz komandası köməyinə gəlir.

Budur, artıq Avropa qitəsinə çatan gəmi Baltik dənizi sularındadır. Amma, Birinci Dünya Müharibəsi zamanı qoyulmuş dəniz minaları gəmi və onun sərnişinləri üçün təhlükəli idi. Burada isə “Yomey Maru”-nun təcrübəli losmanları öz sözlərini deyirlər.

Beləliklə, 1920-ci il  oktyabrın 13-də Finlandiyanın Koyvisto limanında (Rusiyanın indiki Primorks şəhəri) lövbər salan gəmi qeyri-adi səfərini başa vurur və oradan da uşaqlar doğma şəhərlərinə yola düşürlər. 

Musa Əliyev – ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı

Seanews.az