Azərbaycan “Equinor” şirkətinin “yaşıl hidrogen” üzrə təcrübəsini öyrənir

203

Energetika Nazirliyi və Norveçin “Equinor” şirkətinin birgə təşkilatçılığı ilə onlayn formatda seminar keçirilib.

“Report”un nazirliyə istinadən verdiyi xəbərə görə, tədbir ikitərəfli əməkdaşlıq çərçivəsində “yaşıl hidrogen” sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilib.

Seminarda yeni dayanıqlı enerji növləri, xüsusilə bərpa olunan enerji və hidrogen enerjisi üzrə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi qeyd edilib, “Equinor” şirkətinin hidrogen sahəsində geniş təcrübəyə malik olduğu, şirkətin “yaşıl hidrogen” strategiyasının təmiz və dayanıqlı enerji, az karbonlu hədəfləri əhatə etdiyi vurğulanıb.

Sonra “Equinor” şirkətinin mütəxəssisləri “yaşıl hidrogen” mövzusunda təqdimat nümayiş etdirib. Hidrogen bazarları, “Equinor” şirkətinin hidrogen strategiyası, şirkətin həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib.

Seminarda Azərbaycanda gələcəkdə hidrogen layihələrinin həyata keçirilməsi, elektrik enerjisi bazarında hidrogenin iqtisadi cəhətdən səmərəliliyi ilə bağlı fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.