BMT iqlim dəyişikliyinin ağır nəticələri ilə bağlı xəbərdarlıq edib

253

2011-2020-ci illərdə qlobal səth istiliyi 1850-1900-cü illərlə müqayisədə 1.09 C dərəcə yüksək olub.

APA-nın xəbərinə görə, bu barədə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin 42 səhifəlik son hesabatında bildirilib.

Hesabata görə, son beş il, 1850-ci ildən bəri tarixdəki ən isti dövr olub. 1901-1971-ci illərlə müqayisədə dəniz səviyyəsinin yüksəlməsinin sürəti təxminən üç dəfə artıb.

Hesabat müəllifləri bildirib ki, 1990-cı illərdən bəri buzlaqların buzunun azalmasının əsas faktoru insan fəaliyyətinin nəticələridir (90%).
1950-ci illərdən bəri istilik dalğasının, ekstremal istilərin daha tez-tez və şiddətli şəkildə müşahidə oldunduğunu bildirən ekspertlər, bu illər ərzində soyuq və kəskin soyuq havaların daha az qeydə alındığını vurğulayıblar.

Hesabatda bildirilib ki, on ildən artıq bir müddətdə temperatur həddinin pozulmasında və davam edən istiləşmədə qaz emissiyalarının ciddi rolu var.

Hesabatda qaz emmisiyalarında azalma olsa belə iqlim dəyişikliyi ilə bağlı ssenarilər təqdim olunub.

Müəlliflər bu əsrin sonuna qədər dəniz səviyyəsinin 2 m yüksələcəyini istisna etməyiblər.

Onların hesablamalarına görə, 2040-cı ilə qədər bütün emissiya ssenariləri üzrə temperatur 1850-1900-cü illər səviyyəsindən 1,5 dərəcə C yüksək olacaq.

Arktikanın qiymətləndirilməsi ilə bağlı bütün ssenarilərdə 2050-ci ildən əvvəl ən azı bir dəfə sentyabr ayında praktiki olaraq şimal qütbünün buzsuz olacağı ehtimal olunur.

Ekspertlər 1.5 dərəcə C istiləşmədə belə, tarixdə qeydə alınmamış bəzi ekstremal hadisələrin baş verəcəyini bildiriblər.

Yaxın keçmişdə adətən əsrdə bir dəfə baş verən ekstremal dəniz səviyyəsi hadisələrinin, 2100-cü ilə qədər dənizlərin bir çoxunda ən azı hər il baş verəcəyi proqnozlaşdırılır.

“Bir çox bölgələrdə yanğına imkan verəcək hava şəraitinin geniş yayılması ehtimalı var”, – deyə hesabatda vurğulanıb.

Lakin ekspertlər istixana qazı emissiyalarının azalmasının artan temperaturu sabitləşdirə biləcəyinə dair ümidlərin olduğunu bildiriblər.
Hesabata münasibət bildirən rəsmilər bu sənədi bəşəriyyət üçün bir çağırış kimi qiymətləndirib.

“Bu gün İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin İşçi Qrupunun hesabatı insanlıq üçün qırmızı bir koddur. Əgər indi qüvvələrimizi birləşdirsək, iqlim fəlakətinin qarşısını ala bilərik. Ancaq bugünkü hesabatda aydın olduğu kimi, gecikməyə nə vaxt var, nə də bəhanələr üçün yer. COP26-nın (bu ilin oktyabrında Qlazqoda keçiriləcək beynəlxalq iqlim dəyişikliyi ilə bağlı konfrans) uğur qazanmasını təmin etmək üçün hökumət liderlərinə və bütün maraqlı tərəflərə inanıram”, – BMT baş katibi Antonio Quterreş bildirib.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin iqlim dəyişikliyi ilə bağlı hesabatından sonra Britaniyanın Baş naziri Boris Conson ölkələri emissiyanı azaltmaq üçün qlobal miqyasda təcili tədbirlər görməyə çağırıb.

“Qlobal istiləşməni məhdudlaşdırmaq üçün nə edilməli olduğunu bilirik – kömürü tarixə göndərmək və təmiz enerji mənbələrinə keçmək, təbiəti qorumaq və bu sahədə ön cəbhədə olan ölkələr üçün iqlim maliyyəsini təmin etmək”, -deyə Boris Conson bildirib.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen hesabata cavab olaraq bildirib ki, mütəxəssislər planetin istiləşməsinin fəsadları ilə bağlı otuz ildən artıqdır ki, xəbərdarlıq ediblər. “Dünya dinlədi, amma yetərincə hərəkət etmədi və nəticədə iqlim dəyişikliyi indi yaşadığımız bir problemdir. Heç kim təhlükəsizlikdə deyil və vəziyyət daha da pisləşir. İqlim dəyişikliyinə təcili təhlükə kimi yanaşmalıyıq”.

O deyib ki, lazım olan dəyişiklikləri etmək insanlığın səlahiyyətindədir və itirmək üçün vaxt yoxdur.

“İqlim dəyişikliyi indi buradadır. Biz də indi burdayıq. İndi hərəkət etməsək, kim bunu edəcək?”, – deyə o qeyd edib.
ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri hesabata “dünya real hərəkət tələb edir” deyərək reaksiya verib.

“İqlim böhranının həddindən artıq isti temperatur, meşə yanğınları, şiddətli yağışlar və daşqınlar da daxil olmaqla bütün təsirləri, özümüz və gələcək nəsillər üçün başqa bir yol seçməyənə qədər güclənməyə davam edəcək. Bütün böyük iqtisadiyyatlar bu kritik onillikdə iqlim dəyişikliyi ilə mübarizədəki öhdəliklərinə sadiq olmalıdırlar”, -deyə Con Kerri bildirib.