Cənubi Koreyada 23 gəmiçilik şirkəti bütövlükdə 613 milyon dollardan çox məbləğdə cərimələnib

220

Cənubi Koreyanın millət vəkilləri, İnhisar tənzimlənməsi və Ədalətli Ticarət Qanununa dəyişiklik etməyi planlaşdırırlar. Bu qərar, Koreya Ədalətli Ticarət Komissiyası (KƏTK) tərəfindən Koreya xətti operatorlarına tətbiq edilən böyük cərimələrə qarşı etirazların fonunda və gələcəkdə bənzər hadisələrin qarşısını almaq üçün qəbul edilib.

“Seanews.az” xəbər verir ki, keçən ay  KƏTK, 2003-cü ildən 2018-ci ilədək Asiyanın daxili marşrutlarında qiymətlərlə bağlı sövdələşmələrə görə 23 gəmiçilik şirkətini bütövlükdə 613 milyon dollardan çox məbləğdə cərimələyib. “Qurbanlar”ın arasında “COSCO Shipping Lines”, “SITC Container Lines” və “HMM”, “SM Line”, “Pan Ocean”, “Sinokor Merchant Marine” də daxil olmaqla Koreyanın yükdaşımaqla məşğul olan 13 şirkəti var.

KƏTK, yük daşıyanların Cənub-Şərqi Asiya bazarında gəlirin 8.5-10%-i məbləğində cərimə ödəməli olduqlarını bildirmişdi və bu, Koreya Gəmi Sahibləri Assosiasiyası və Koreya Gəmiçilik Assosiasiyasının etirazına səbəb olmuşdu.

Koreya Gəmiçilik Assosiasiyasından bildiriblər ki,  antiinhisar orqanları tərəfindən cərimələr tətbiq edildikdən sonra kiçik və orta konteyner xətləri iflasla üz-üzə qalır. Sahəni dəstəkləmək, başqa tərəflərlə mübahisələrin qarşısını almaq üçün milli konteyner xətlərinin fəaliyyəti məhz Gəmiçilik Qanunu ilə tənzimlənməlidir.