“Quzey Star” zavodunda inşa ediləcək buzqıran gəmilər 1,5 metrədək qalınlığında buzları yarıb keçə biləcək

272

2021-ci il avqustun 5-də Türkiyənin “Quzey Star” gəmiqayırma və gəmi təmiri müəssisəsi “Rosmorport” üçün 23620 layihəli iki yanacaqla işləyən buzqıranın inşası ilə bağlı Petrozavodskda yerləşən “Oneqa” gəmiqayırma zavodu ilə müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, müqavilənin dəyəri açıqlanmayıb.

Keçən ayın ortalarında “Rosmorport” və “Oneqa” gəmiqayırma zavodu mayeləşdirilmiş təbii qazlı (LNG) iki buzqıranın inşasına dair müqavilə imzalamışdı. “Rosmorport”un mətbuat xidmətinin məlumatına görə, bütün müqavilənin dəyəri 18,5 milyard rubl təşkil edirdi. Buzqıranların tikintisi layihəsi Əsas İnfrastrukturun Modernləşdirilməsi və Genişləndirilməsi üzrə Kompleks Planın bir hissəsidir. Bu, enerji qurğusu olan və LNG ilə işləyə bilən buzqıranın ilk rus layihəsidir.

12-14 MW gücündə olan bu gəmilər 1,5 metrədək qalınlığında buzları yarıb keçməkdə çətinlik çəkməyəcək və Baltikyanı, Ağ, Barents dənizlərində, Sakit okean hövzəsində ilboyu işləyə biləcək.

Qeyd edək ki, Leninqraddakı “Nevski” gəmiqayırma zavodu ilə əməkdaşlıq sayəsində “Quzey Star” 2020-ci il avqustun 21-də LNG ilə işləyən “CNF19M” layihəli ilk “Marşal Rokossovski” (inşa nömrəsi 191) dəmiryolu bərəsini suya salmışdı. Bu, Türkiyə gəmiqayırma zavodları tarixində o vaxtadək inşa edilən ən böyük gəmi idi.

“Quzey Star” gəmiqayırma zavodunda həmin layihədən ikinci – “General Çernyaxovski” bərəsi cari il mayın 22-də suya buraxılıb.