Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin olunması, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, cari il avqustun 4-də DSX Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilmış şübhəli bağlama aşkarlanıb. Bağlamaya keçirilmiş baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqam 255 qram “tiryək”ə bənzər narkotik vasitə aşkarlanaraq götürülüb, fakt üzrə əməliyyat-istintaq tədbirlərinə başlanıb.
Ayın 7-də saat 23:00-da DSX Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində dənizdə rezin qayıqda batma təhlükəsi ilə üzləşən bir nəfərin kömək göstərilməsi üçün müraciət etməsi barədə məlumat daxil olub. Qısa müddətdə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə¬sində üzmə vasitəsinin “Ələt” sahil nəzarəti bölməsi istiqamətində sahildən təxminən 1 kilometr məsafədə yerləşməsi müəyyənləşdirilib, iki nəfərdən ibarət heyətlə əraziyə göndərilmiş itisürətli kater tərəfindən Qaradağ rayonunun Ələt qəsəbəsi sakini 1964-cü il təvəllüdlü Əsgərov Dünyamalı Əsgər oğlu xilas edilib.
Növbəti gün saat 13:50 radələrində Xəzər dənizinin mərkəzi istiqamətində “Amburan” reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən sahildən təxminən 740 metr məsafədə bir nəfərin batma təhlükəsi ilə üzləşməsi müşahidə edilib. Həmin istiqamətə dərhal gəminin itisürətli kateri göndərilərək Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Həşimov Vüqar Ədalət oğlu xilas edilib və onun sahilə təxliyəsi təmin olunub.