Türkiyənin pilotsuz katerləri sürü halında hücum edəcək

186

Türkiyədə sürü halında hücum etmək imkanı olan pilotsuz hərbi katerlərin işlənib hazırlanmasının ilk mərhələsi tamamlanıb. Bu barədə “Anadolu” agentliyinə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir məlumat verib. O, qeyd edib ki, Türkiyə pilotsuz sistemlərin hazırlanması ilə məşğul olan azsaylı ölkələrdən biridir. İsmayıl Dəmir xatırladıb ki, müvafiq müqavilə Türkiyə Müdafiə Sənayesi İdarəsi və Türkiyənin ASELSAN müdafiə şirkəti tərəfindən imzalanıb.

Layihənin məqsədi sürü rejimində işləyən, müxtəlif vəzifələri yerinə yetirmək qabiliyyətinə malik pilotsuz katerlərin işlənib hazırlanmasıdır.

Layihə çərçivəsində ASELSAN və onun subpodratçıları sürü halında işləyə bilən yüksək manevr, dənizçilik qabiliyyətinə və dayanıqlığa malik yeni nəsil Albatros-S dəniz pilotsuz katerlərinin işlənib hazırlanılmasını həyata keçiriblər. Katerlər dəniz mühitində taktiki hərəkətlərin həyata keçməsi üçün məlumat ötürmə sistemi ilə təchiz edilib. 

Təxminən 7 metr uzunluğunda pilotsuz dəniz katerlərindən ibarət “sürü”-nün sürəti  40 dəniz düyünündən çox, üzmə məsafəsi 200 dəniz milindən artıqdır. Katerlər həmçinin əhəmiyyətli daşıma qabiliyyətinə malikdir.

virtualaz.org