Gəmi qəzalarının sayı iki dəfə azalıb

248

Ötən il dünya dəniz donanması 48 gəmi itirib. 2019-cu ildə bu rəqəm 49 idi. Son 10 il ərzində gəmilərin illik itkisinin sayı 2 dəfə azalıb. 2011-ci ildə bu göstərici 98-ə bərabər iolub.

“Seanews.az” xəbər verir ki, bu statistika “Allianz Global Corporate & Specialty” (AGCS) şirkətinin hesabatında yer alıb.

Statistikaya əsasən, gəmilərin tam məhvinə səbəb olan qəzaların çoxu Cənubi Çin, İndoneziya və Filippində qeydə alınıb. Ötən il adıçəkilən ərazilərdə 16 gəmi, 2019-cu ildə isə 14 gəmi qəzaya uğrayıb.

Fars körfəzi, Şərqi Aralıq dənizi və Qara dənizdə də tez-tez qəzalar baş verib. Burada 4-7 ədəd gəmi qəzaya uğrayaraq məhv olub.

Cənub-Şərqi Asiya sularında da gəmilərin tam məhv olması ilə nəticələnən hadisələrdə artım qeydə alınır. Son 10 ildə orada 224 gəmi qəzaya uğrayıb. Qəzaların baş verməsinə əsas səbəb kimi gəmi yollarının sıxlığı, limanlarda gəmilərin çox olması, qeyri-müasir donanma və fırtınalı hava şəraiti göstərilir.

Yuxarıda adları çəkilən ərazilərə Yaponiyanı, Şimali Çini və Koreyanı da əlavə etmək olar. Belə ki, son 10 ildə dünyada məhv olmuş 876 gəminin 437-si məhz bu ərazilərin payına düşür.

Son 10 ildə məhv olmuş ümumi gəmilərin 40%-i və 2020-ci ildə  itirilmiş gəmilərin 3/1 hissəsi quru yük gəmiləridir.

Gəmilərin qəzaya uğramasının əsas səbəbi əlverişsiz hava şəraiti və gəmi avadanlıqlarının nasazlığı olub.

Ötən il yanğın və partlayış nəticəsində 10 gəmi itirilib.

Hesabatda qeyd edilir ki, son onillikdə gəmilər əsasən subasma (54%), saya oturma(20%), yanğınlar və partlayışlar (10%) nəticəsində məhv olub. Bu amillər ümumilikdə itkilərin 85%-ni təşkil edir.

2020-ci ildə qeydə alınan gəmi qəzalarının sayı 2019-cu illə müqayisədə 4% azalaraq 2818 hadisədən 2703-ə enib.

Ən çox qəza (579 dəfə) Britaniya adaları, Şimal dənizi, La-Manş kanalı və Biskay körfəzində qeydə alınıb. Bu rəqəm əvvəlki illə müqayisədə aşağıdır. Adları çəkilən ərazilərdə qeydə alınan qəzaların böyük əksəriyyəti avadanlıq nasazlığı üzündən baş verib.

Son on ildə baş verən ən çox hadisə (4556 dəfə) Şərqi Aralıq dənizi və Qara dənizin payına düşür.

10 il ərzində qeydə alınan 26 min dəniz qəzasının 3/1 hissəsi (9300) avadanlıqların zədələnməsi və ya sıradan çıxması səbəbindən baş verib. Bu isə gəmi toqquşmalarından iki dəfə çoxdur.