Hamburq limanının göstəriciləri yaxşılaşır

219

“Seanews”-ın məlumatına görə, Hamburq limanının yük dövriyyəsi 2021-ci ilin birinci yarısında 63,5 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% çoxdur.

Limanın konteyner dövriyyəsi 5,5% artaraq 4,3 milyon TEU-ya çatıb. O cümlədən, ixrac konteyner axını 6,1% artaraq 2,1 milyon TEU, idxal konteyner axını 5% artaraq 2,2 milyon TEU təşkil edib. Yüklü konteynerlərin aşırılması 6,9% artaraq 3,8 milyon TEU olub.  

Avstraliya və Okeaniyaya ünvanlanan və ya   Avstraliya və Okeaniyayadan gələn yüklər istisna olmaqla, Amerika, Asiya və Afrikada əksər əsas ticarət növlərində müsbət dinamika müşahidə edilib. Avropadaxili ticarətdə, yalnız Skandinaviya istiqamətinə yükləmə artıb (+ 6.4%). Ümumiyyətlə, Avropa limanlarına ünvanlanan və ya  Avropa limanlarından gələn yüklər 0,5% artmışdır.

Hamburqun 10 ən böyük ortağından yeddi ölkə ilə konteyner daşımalarında artım qeydə alınıb. Əsas ticarət ortağı olan Çinə gedən və Çindən gələn konteyner axını 14,2% artaraq 1,3 milyon TEU-ya çatıb. İkinci ən böyük ortağı olan ABŞ-a gəlincə, konteyner dövriyyəsi 5,3% artaraq 303 min TEU təşkil edib. İsveç (+ 3,5%), Cənubi Koreya (+ 2,4%), Polşa (+ 14,4%), Braziliya (+ 16,1%) və Danimarka (+ 6,4%) ilə də ticarət dövriyyəsi artıb.

2021-ci ilin sonuna qədər Hamburqda təxminən 130 milyon ton yükün aşırılacağı, konteyner dövriyyəsinin isə 8.7 milyon TEU səviyyəsində olacağı gözlənilir. Qeyd edək ki, 2020-ci ildə Hamburq limanında 126,3 milyon ton yük və 8,5 milyon TEU işlənmişdi. Pandemiyaya qədər – 2019-cu ildə  isə yük dövriyyəsi 136,6 milyon ton, konteyner dövriyyəsi 9,3 milyon TEU təşkil etmişdi.