Ömrünün otuz ilini çox sevdiyi peşəsinə həsr edib

269

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti  Donanmanın texniki istismar departamenti rəisinin müavini Qədir Məmmədov 1971-ci il sentyabrın 1-də Qərbi Azərbaycanın Dsex rayonunun Ayrım Polad kəndində dünyaya göz açıb.

Ömrünün otuz ilini çox sevdiyi peşəsinə həsr edib Qədir müəllim. Elə buna görə, illərin sürətini, necə keçdiyini hiss etməyib. Bir də gözünü açıb, özünü  ömrün əllinci zirvəsində görüb.

Uşaq yaşlarından dənizçi olmağı, dalğalar qoynunda yaxın-uzaq səfərlərə çıxmağı arzulayıb. Bu arzusunu gerçəkləşdirmək üçün 1990-cı ildə daxil olduğu keçmiş Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində elektrik avadanlıqlarının istismarı/texnik-elektromexanik ixtisasının sirlərinə dərindən yiyələnməyə çalışıb.  Sonralar təhsilini 2000-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasında davam etdirib və ADDA-nı 2000-ci ildə  gəmilərin elektrik avadanlıqları və avtomatikası/gəmi mühəndis-elektromexaniki ixtisası üzrə bitirib.  

Həyatda ən çox alnının tərinə güvənən Qədir Məmmədovun əmək kitabçasına ilk sətirlər 1991-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin gəmisində elektrik mexaniki kimi səfərlərə çıxanda yazılıb. Sonralar Dəniz Nəqliyyatı Donanmasının müxtəlif təyinatlı gəmilərində çalışıb. Elektrik mexaniki kimi göyərtəsinə qalxdığı, səfərlərə çıxdığı gəmilər dəyişsə də, işə vicdanlı münasibəti heç vaxt dəyişməyib:çiyninə düşən vəzifəni həmişə layiqincə yerinə yetirib.

Tale elə gətirib ki, 2006-cı ildən sahildə işləməli olub. Bir müddət Donanmanın texniki istismar xidmətində təlimatçı elektrik mexaniki, sonra  hamiyəçi elektrik mexaniki vəzifələrində çalışıb. 2016-cı ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin  Donanmanın texniki istismar departamentində rəis müavini vəzifəsinə irəli çəkilib.

Qədir Məmmədovun dəniz nəqliyyatı sahəsindəki xidmətləri 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Fəxri fərmanlarla qeyd edilib.  

“Seanews.az” Qədir müəllimi 50 illik yubileyi münasibətilə ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və  yeni-yeni uğurlar arzulayır.